Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Qaradağ” sement zavodunun direktoru Əmirağa Xəlilov ifadə verib.
Şahid qismində məhkəmədə ifadə verən “Əhmədli-çörək” zavodunun direktoru işləmiş Əlirza Abuşov bildirib ki, “Texnikabank” dan kredit götürüb. Onun sözlərinə görə, həmin məbləğin “AMAY”-ın tikintisinə sərf olunub: “Mən “Şahdağ” firmasının rəhbəri olmuşam. Pul “AMAY”-ın kassasına keçirildi. Həmin məbləğ tikintini başa çatdırma üşün lazım idi və hamısı da qəpiyinə kimi “AMAY”-ın tikintisinə xərclənib”.
“AMAY” firmasının meneceri işləmiş Kazım Həsənov şahid qismində məhkəmədə dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. “800 min manat kredit götürülməsi ilə bağlı sənədə imza atdım. Kredit götürüldü, sonra da qaytarıldı. Bütün proseslər gözümün önündə baş verib. O pullar “AMAY”-ın tikintisinə xərclənib. İstintaq zamanı hər şeyi olduğu kimi demişəm”, -deyə şahid ifadəsində bildirib.
Daha sonra “Tyanşan” firmasının rəhbəri Yavər Vəliev ifadə verib. O, deyib ki, Abdulla Abdullayevlə 15 il bir yerdə işləyib. Onun sözlərinə görə, bankdan 1 milyon vəsait götürüb və pulun “AMAY”-ın dam örtüyünün vurulmasına xərcləyib.
Məhkəmə prosesi mayın 18-də davam edəcək.
Hacı Zeynalov