15 May 2015 17:15
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il əvvəl ağır qətl törətməkdə təqsirli bilinən Varis Səmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, 23 avqust 1997-ci ildə odlu silahla öldürülən Zülfüqar Ağalarovun meyiti Nəsimi rayon hərbi komissarlığının arxasında aşkar edilib. Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib) idarə etdiyi “VAZ 2106” markalı avtomaşınında olarkən metronun "20 Yanvar" stansiyası istiqamətindən Soltan Nəcəfovun maşınında digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görür.

Zülfüqar Ağalarovdan borcunu istəmək məqsədilə maşını saxlatdırır və söhbət üçün onu öz əyləşdiyi maşına dəvət edir. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranır. Mübahisə əsnasında Varis "Makarov" tapançasından Zülfüqara üç dəfə dalbadal atəş açır. Daha sonra onun meyitini avtomaşınla gətirərək Nəsimi rayon hərbi komissarlığının arxasına ataraq hadisə yerindən qaçır. Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə redəktədə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilir, barəsində axtarış elan olunur. Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyənləşdirmək qeyri-mümkünə çevrilir. 2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilir. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülür. Nəhayət, Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlir və 1 saylı istintaq təcridxanasına yerləşdirilir.

2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsi tərəfindən Varis Səmədov barəsindəki həbs-qətimkan tədbiri ləğv olunur, qohumlarının nəzarətinə verilməsi haqqında qərar qəbul edilir. Lakin sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilir və Bakı şəhər prokurorunun təqdimatına əsasən, Səbael rayon Məhkəməsində təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunur.

Varis Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilir. Ötən ilin avqust ayında Varis Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib və o, Bakı İstintaq təcridxanasına salınıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Varis Səmədov məhkəmə zalından azadığa buraxılıb. Buna səbəb isə cinayətin üstündən 17 il keçməsi göstərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər