Ad günündə qanlı cinayət törədən 35 yaşlı kişi həbsxanaya göndərildi
Sumqayıt Apelyasiya Məhkəməsində taksi sürücüsünü bıçaqlamaqda təqsirli bilinən Quba rayon sakini, 1980-ci il təvəllüdlü Elnur Əhmədovun cinayət işi üzrə proses başa çatıb.
İttihama görə, Elnur Əhmədov 31 may 2013-cü il tarixdə, saat 20.30-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında yoldan keçən və taksi kimi xidmət göstərən Şahin Şahvələdovun “VAZ-2103" markalı avtomaşınını saxladıb.
Elnur Əhmədov sərnişin kimi maşına minib və sürücüdən avtomaşını Quba şəhərinin yuxarı hissəsinə sürməsini xahiş edib. Avtomobil hərəkətdə olarkən sərxoş vəziyyətdə olan Elnur Əhmədov müvazinətini itirərək bir neçə dəfə sürücü Şahin Şahvələdovun üstünə yıxılıb. Buna görə Şahin Şahvələdov sərnişinə iradını bildirib.
Elnur Əhmədov Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kodak" mağazasının qarşısında heç bir səbəb olmadan Şahin Şahvələdova bıçaqla xəsarət yetirib. Şahin qışqıran zaman Elnur Əhmədov avtomobildən düşərək qaçmaq istəyib. Bu zaman o, ərazidə olan polis əməkdaşları tərəfindən həbs edilib.
Prokurorluq narazı oldu
Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Elnur Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. Məhkəmə onun aylıq qazancının dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edib. O, dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Elnur Əhmədovun Cinayət Məcəllənin 221.3-cü maddəsi ilə cəzalandırılmasını istəyib. Bir müddət əvvəl prokurorluğun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxıblar. Həmin vaxt prokurorluğun protesti təmin edilməyib. Prokurorluq məhkəmənin qərarından kasasiya protesti verib.
Ali Məhkəmədə işə baxan hakimlər Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.
“Tərs baxmasından çox əsəbləşdim"
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən apelyasiya prosesində Elnur Əhmədov bildirib ki, mayın 31-də ad günü münasibətilə dostları ilə görüşmək üçün Quba şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında şəhərin yuxarı hissəsinə getmək məqsədi ilə taksi gözləyib: “Saat 21 radələrində əvvəldən tanıdığı Quba rayonu İqriq kəndində yaşayan Şahin Şahvələdovun avtomaşınının gəldiyini gördüm və işarə edərək avtomaşını saxlatdım. Şahindən məni Quba şəhərinin yuxarı hissəsindəki köhnə avtovağzal ərazisinə aparmasını istədim və qabaq oturacaqda oturdum.
İçkili olduğumdan avtomaşında bir az özümü pis hiss etdim və müvazinətimi saxlaya bilməyərək sürücünün üstünə yıxıldım. Bu zaman Şahin mənə tərs baxdı. Onun belə tərs baxışından çox əsəbiləşdim. Üstümdə olan bıçağı Şahinin sağ ayağından bir dəfə vurdum. Şahin qışqıraraq avtomaşını saxladı. Mən tez avtomaşından düşərək qaçdım. Arxamca polis əməkdaşları gəldi və məni şöbəyə apardılar. Orada xəsarət yetirdiyim bıçağı polis əməkdaşlarına təqdim etdim. Hadisə vaxtı avtomaşında bizdən başqa heç kim olmayıb".
“Maşın sürməyə imkan verməsini tələb etdim"
Zərərçəkmiş Şahin Şahvələdov bildirib ki, mayın 31-də avtomaşınla yaşadığı Iqriq kəndindən Quba şəhər istiqamətində hərəkət edib: “Heydər Əliyev Mərkəzinin qabağında əvvəllərdən tanıdığım Elnur Əhmədovun işarə etdiyini gördüm. Bu səbəbdən avtomaşını saxladım.
Elnur maşınının qabaq sağ oturacağına əyləşdi. Onun sərxoş olduğu hiss edilirdi, müvazinətini itirərək üstümə yıxılanda ondan maşın sürməyim üçün imkan verməsini tələb etdim. Elnur heç nə demədən acıqlı-acıqlı mənə baxdı. Bir qədər şəhərin yuxarı hissəsinə hərəkət edərkən Elnurdan harada düşəcəyini soruşdum. Həmin vaxt Elnur heç nə demədən gözləmədiyim halda bıçaqla məni vurdu. Tez əlindən tutdum. Sonra qışqıraraq yaxınlıqda olan polis əməkdaşlarını səslədim".
Prokuror Zəfər Ramazanov hökmün ləğv edilməsini və Elnur Əhmədov barəsində yeni hökmün çıxarılmasını istəyib.
Tərəfləri dinləyən hakimlər əvvəlki hökmü ləğv edib, yeni hökm çıxarıblar. Elnur Əhmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilərək həbsxanaya göndərilib.
Hacı Zeynalov