4 İyun 2015 17:21
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsinin həbsdə olan sabiq hakimi Həsən Əliyevə qarşım 490 min manat mülki iddia qaldırılıb.

Bu barədə Teleqraf.com-a Həsən Əliyevin cinayət işində zərərçəkmiş qismində tanınan Ramazan Səlimovun vəkili İradə Cavadova deyib.

O, bildirib ki, Həsən Əliyevin vəkilləri tərəfindən Ramazan Səlimova dəymiş ziyanın ödənilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Həsən Əliyev tərəfindən Ramazan Səlimovdan 600 min manat alınıb. O, qeyd edib ki, Ramazan Səlimova əvvəlcə 250 min, sonra isə 50 min manat qaytarılıb: “Qalan 300 min manat isə ödənilməyib. Həmçinin əlavə olaraq mülki iddia qaldıraraq Həsən Əliyevdən ümumilikdə 490 min manat ödəməsi barədə mülki iddia vermişik. Əgər birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ ödənilsəydi, biz hökmdən apelyasiya şikayəti verən deyildik. Amma həmin məbləğ ödənilməyib. Buna görə də apelyasiya şikayəti vermək məcburiyyətində qalmışıq”.

İradə Cavadovanın sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsi dövründə keçirilən proseslərdə Həsən Əliyev özünə arxayın qaydada hərəkət edib: “Məhkəmə dövründə Həsən Əliyev yalan danışıb. O, deyib ki, həmin məbləği də Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsinin yaxınlığında olan marketin yanında Ramazan Səlimova verib. Amma belə hal olmayıb. Əgər Həsən Əliyev həmin məbləğdə pulu ödəmiş olsaydı, marketin yanında tində yox, müstəntiqin otağında ödəmiş olardı. Bu da rəsmi qaydada həll oluna bilərdi. Amma müstəntiqin yanında, rəsmi qaydada pul ödənilməyib. Həsən Əliyevin qalan 300 min manatı da ödəməsi barədə dedikləri şübhə doğurur”.

İradə Cavadova bildirib ki, istintaq dövründə aldatma yolu ilə Ramazan Səlimovdan dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizə alınıb: “Ramazan Səlimovu aldadıblar ki, səni qəbul edəcəyik, pulu ödəyəcəyik. Sonradan onu özlərinə belə yaxın buraxmayıblar. Bundan sonra Ramazan Səlimov ərizə ilə müvafiq qurumlara şikayət edib. Onun şikayətindən sonra işə yenidən baxılıb”.

Vəkil daha sonra qeyd edib ki, mayın 27-də Bakı Apelyasiya Məhkəməsində işə baxılıb: “Prosesə sədrlik edən hakim Rizvan Səfərov düzgün qərar qəbul edib. Çünki bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Adiyyatı üzrə şikayət də Gəncə Apelyasiya Məhkəməsinə göndərilməli idi. Amma nədənsə, birinci instansiya məhkəməsində işə baxan Mübariz Məmmədov şikayətin Bakı Apelyasiya Məhkəməsinə verilməsi ilə bağlı qərar qəbul edib. Bu qərar düzgün olmayıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin yanlış qərarını Bakı Apelyasiya Məhkəməsinin hakimləri düzəldib və işin Gəncə Apelyasiya Məhkəməsində baxılması barədə qərar verilib”.


İradə Cavadova qeyd edib ki, Gəncə Apelyasiya Məhkəməsində şikayət hakim icraatına verilməyib. Vəkilin sözlərinə görə, şikayət yaxın günlərdə hakim icraatına veriləcək: “Məhkəmə iclaslarında mətbuat nümayəndələri məhdud sayda iştirak edir. Belə olan halda proses mətbuatda düzgün istiqamətdə işıqlandırılmır”.

Qeyd edək ki, mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə çıxış edən Həsən Əliyev və onun vəkilləri dəymiş ziyanın tam ödənilməsini bildiriblər. Həmin vaxt İradə Cavadova Azərbaycandan kənarda olduğu üçün prosesdə iştirak etmirdi və buna görə də dəymiş ziyanın ödənilməsi ilə bağlı fikirlərə cavab verə bilməmişdi.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanışı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan nə iş düzəlib, nə də pul geri qaytarılıb. Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Sikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbsə alınıb.

Həmçinin Ramazan Səlimovun Həsən Əliyevə qarşı qaldırdığı mülki iddia təmin edilib və Həsən Əliyev iş üzrə mülki cavabdeh kimi tanınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin zərərçəkmiş Ramazan Səlimovun müdafiəçisi İradə Cavadova da apelyasiya şikayəti verib. O, dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən əlavə maddi təzminat istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər