Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 18 iyul 2014-cü ildə Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Elxan Cəfərov münaqişə zəminində od tüfəngindən atəş açaraq digər qəsəbə sakini 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib.
Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Ondan cinayətdə istifadə etdiyi 16 kalibrli sənədsiz olan qoşalülə ov tüfəngi götürülüb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən hazırlıq iclasında əqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 18-ə təyin edilib.
Hacı Zeynalov