Bakı Ağır Cinayətlər Məhkəməsində 3 manata görə taksi sürücüsünü qətlə yetirən Pərviz Qasımov və Mark Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 15-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndində Füzuli rayon sakini, 26 yaşlı Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti “AzSamand” markalı avtomobilinin yük yerində tapılıb və araşdırmalar aparılması üçün Şamaxı Rayon Polis Şöbəsinə təhvil verilib.
Müəyyən edilib ki, Ceyhun Qurbanovun kəndirlə boğulub, həmçinin ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirilib. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Zaqatala sakini, 20 yaşlı Mark Süleymanov və Ağdam sakini, 31 yaşlı Pərviz Qasımovu tutulub.
Təqsirləndirilən şəxslər ilkin ifadələrində sürücünü onları təhqir etdiyi üçün qətlə yetirdiklərini deyiblər. Məlum olub ki, onlar mərhumun şalvarının cibindəki 3 manat pulu götürüblər. Sürücünün meyitini taksi kimi istifadə etdiyi minik avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.Ceyhun Qurbanov öz maşını ilə onları Zaqatalaya aparırmış.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsini 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham edilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasına zərərçəkmiş şəxsin hüquqi varisi gəlməyib. Hakim zərərçəkənin hüquqi varisinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının davam etdirilməsinə tərəflərin münasibətlərini öyrənib.
Vəkillər zərərçəkənin hüquqi varisinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının davam etdirilməsinə etiraz etməyiblər. Təqsirləndirilən şəxslər də zərərçəkən tərəfin prosesdə iştirak etməməsinə etiraz etməslər də, işlərinə qapalı iclasda baxılmasını istəyiblər.
Həmçinin təqsirləndirilən şəxslər ittiham aktını və məhkəmə bildirişini almadıqlarını deyiblər. Hakim bildirib ki, işdə onların ittiham aktını almaları ilə bağlı 22 may 2015-ci il tarixdə imzaları var. Buna baxmayaraq, onlar ittiham aktını almadıqlarını iddia ediblər. Bu səbəbdən hakim hazırlıq iclasını keçirilməsini təxirə salınması və təqsirləndirirlən şəxslərə ittiham aktını veriləcəyini deyib. Məhkəmənin hazırlıq iclasının davamı iyunun 18-nə keçirilib.
Hacı Zeynalov