Bakı Apelyasiya Məhkəməsində “Sovetski” sakinlərinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Nazim Səmədov, Asıf Hacı İsmayılov və Orxan Fərhadovun məhkəmə prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.
Nazim Səmədovun vəkili İradə Cavadova Teleqraf.com-a bildirib ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə müdafiə etdiyi şəxsin barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi, həmçinin apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər: “Nazim Səmədov xəstəlikdən əziyyət çəkir, buna görə də onun barəsində qəti imkan tədbirinin dəyişdirilməsi barədə vəsatət vermişdim. Amma məhkəmə vəsatəti təmin etməyib. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində protokollarda ifadələr düzgün əksini tapmayıb. Buna görə də apelyasiya şikayətimizə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət verdik”.
İradə Cavadova bildirib ki, məhkəmə onların vəsatətini təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib: “İlkin baxış iclasının qərarını əldə etmişik və mübahisələndirmişik. Apelyasiya şikayətimizə məhkəmə istintaqı ilə baxılması üçün hər üç vəkil Ali Məhkəməyə kasasiya şikayəti hazırladıq və şikayətimizi təqdim etmişik”.
Ali Məhkəmənin kasasiya şikayətinə cavabından sonra apelyasiya instansiyasında məhkəmə prosesi davam etdirilcək.
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb.
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər. Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar. Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini "Sovetski" sakinlərinə guya 380 manata satmağı nəzərdə tutublar. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib. Faktla bağlı Cinayət Məcəlləsinin 29,178-ci (dələduzluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər iki nəfər - Asif Hacı İsmayılov və Orxan Fərhadovun barəsində 6 il şərti cəza tətbiq edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla məhkəmə zalından azad olunublar.
Qeyd edək ki, Nazim Səmədov, Asif Hacı İsmayılov və Orxan Fərhadovun vəkilləri apelyasiya şikayəti verərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Asif Hacı İsmayılov və Orxan Fərhadovun həbs edilməsini istəyib.
Hacı Zeynalov