30 İyun 2015 09:59
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin alqı-satqısı ittihamı üzrə həbs olunan və məhkəmənin hökmü ilə bəraət alan Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazov təzminat almaq iddiası ilə yenidən məhkəməyə müraciət edib.

Bayram Niyazovun vəkili Ceyhun Yusifov Teleqraf.com-a bildirib ki, Bayram Niyazova vurulmuş ziyanın ösdənilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Bundan əvvəl təzminat iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiklərini xatırladan vəkil qeyd edib ki, bir müddət əvvəl iddiaçı Bayram Niyazov cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib: “Həmin iddiada Bayram Niyazov cavabdeh qismində Daxili İşlər Nazirliyini, Nəqliyyatda Baş Polis idarəsini və Maliyyə Nazirliyini göstərib.

Bayram Niyazov cavabdehlərdən kompensasiya şəklində 12200 manat maddi, 50000 manat mənəvi, cəmi 62200 manat pulun cavabdehlərdən birgə tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. Onun iddia ərizəsi hakim Şərafət Məmmədovun sədrliyi ilə baxılıb və məhkəmə iddianı təmin etməyib. Hakim qərarı belə əsaslandırıb ki, iddiaya inzibati iqtisad məhkəməsində baxılmasının mümkün deyil”.

Ceyhun Yusifov bildirib ki, həmin qərardan Ali Məhkəməyə şikayət ediblər və Ali Məhkəmənin yekun qərarından sonra yenidən təzminat almaq tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edilib. Vəkilin sözlərinə görə, Bayram Niyazovun iddia ərizəsi baxılması üçün hakim Azər Tağıyevin icraatına verilib və yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, Bayram Niyazov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi və Gəncə stansiyası xətt polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onda 3 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.


Bayram Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edilib və cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçən prosesdə Bayram Niyazovun günahsızlığı sübuta yetirilib. Məhkəmə araşdırması zamanı Bayram Niyazovun uşaqlıqdan xəstə olduğu üzə çıxıb.

Bayram Niyazovun vəkili Ceyhun Yusifov iş üzrə narkotik vasitələrin tapılması zamanı hal şahidi olmuş Kəramət Məmmədov və Tofiq Hüseynovun başqa çoxsaylı narkotik vasitələrlə bağlı cinayət işlərində hal şahidi qismində iştirak etmələrini məhkəməyə sübut edib.

Vəkilin Gəncə şəhəri Nizami və Kəpəz rayon məhkəmələrinə, eləcə də Gəncə Ağır Cinayətlər Məhkəməsinə verdiyi sorğulardan məlum olub ki, Bayram Niyazov həbs olunan zaman hal şahidi qismində dəvət edilmiş Kəramət Məmmədov və Tofiq Hüseynovun mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri zamanı da hal şahidi qismində iştirak ediblər.

Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışlardan o da müəyyən olunub ki, hər iki hal şahidi 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində hal şahidi kimi iştirak ediblər. Kəramət Məmmədov və Tofiq Həsənov ümumilikdə 29 cinayət işi üzrə hal şahidi olublar.


Həmçinin Bayram Niyazovu Gəncə şəhərinə aparan Elşad Məsiyevin polisin təhrikçisi olması müəyyənləşib. Məhkəmə Elşad Məsiyevi polisin təhrikçisi olduğu, başqa 5 rayonda da belə cinayət işlərində iştirak etdiyi üzə çıxıb. Hakimlər Bayram Niyazovun həbsində iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər.

Buna görə də onun və əməliyyatda iştirak edən əməliyyatçıların barəsində xüsusi qərardad çıxarıblar. Eyni zamanda ekspertiza rəyindən məlum olub ki, Bayram Niyazovda tapılan narkotik vasitənin tərkibi digər cinayət işləri üzrə olan narkotik vasitələrin tərkibi ilə eynidir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər