Bakı Apelyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən 1999-cu il təvəllüdlü Natiq Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Natiq Hacıyev Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilib.
İttihama görə, ötən il noyabrın 24-də Nizami rayon ərazisində Natiq Hacıyev Bakı şəhər sakini, 199-cu il təvəllüdlü Ramiz Nadirova bıçaqla hədə-qorxu gələrək, ona məxsus mobil telefonu və pulunu ələ keçirib, sonra isə hadisə yerindən qaçıb.
Zərərçəkən baş vermiş hadisə ilə əlaqədar 24-cü polis bölməsinə müraciət edib. Səhəri gün polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluqda şübhəli bilinən şəxs saxlanılıb, dindirmə zamanı o, törətdiyi əməlini etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Hacıyev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, hökmdən narazı qalaraq cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Natiq Hacıyevin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov