Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidində partlayış törətməkdə təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Namiq Nəsibov bildirib ki, Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə özünü qismən təqsirli bilib.
Namiq Nəsibov Elnur Ələkbərova 2014-cü ilin əvvələrindən tanıdığını və yaxın dostluq münasibətlərinin olduğunu deyib: “Özüm ali təhsilli həkiməm. İlk əvvəl onu demək istəyirəm ki, mənim psixoloji problemlərimlə əlaqədar olaraq hər fəsil dərmanlar qəbul edirəm. Bu dərmanları təbii ki, həkim məsləhəti qəbul edirəm. Hadisə günü dostlarla görüşmüşdük. Bilirsiniz biz Azərbaycan kürdləri olaraq həmişə görüşüb söhbətlər aparırdıq”.
O, qeyd edib ki, son zamanlar Suriya və onun kənardakı hadisələr onlara pis təsir edib: “Hadisə olan günü Elnur mənə dedi ki, Hövsan da işim var dostlar oturub bizi gözdüyür. Mən də durdum getdim. Məclisdə Azər, Manaf, Elnur və mən iştirak edirdik. Bu zaman mən Elnura dedim ki, işimizi tez bitirib, şəhərə qayıdaq. Nəsə oldu biz spirtli içki qəbul etdik. Sonra mən psixoloji problemlərimə görə dərman qəbul etdim. Çölə çıxdıq siqaret çəkdik. Ondan sonra nələr baş verdiyini hələ də yadıma sala bilmirəm. Özümə gələndə şəhərdəydim. Elnur nələrsə dedi amma xatırlaya bilmədim”.
Daha sonra zərərçəkmiş şəxs qismində tanınan Samir Yusubov ifadə verib.
Sonda da təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslərin Milli Təhlükəsizlik Nazirlinin təcridxanasında Bakı istintaq Təcridxanasına köçürülməsini istəyiblər. Hakimlər vəsatəti təmin ediblər.
Məhkəmə prosesi iyulun 13-də davam edəcək.
Hacı Zeynalov