Xəzər rayonunda çimərlikdən avtomobildən oğurluq edən şəxsin başqa cinayətləri aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Sadiq Məmmədov tutulub.
O, avqustun 2-də Mərdəkan çimərliyində Bakı şəhər sakini Faiq Rauf oğlu Pənahova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, Murad Məmmədova məxsus “QAZel” markalı avtomobildən 350 manat pul oğurlaması da müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Aqil Əliyev tutulub. O, avqustun 2-də Xəzər rayonu ərazisindəki Mərdəkan çimərliyində Abşeron rayon sakini Elnur Bayməmmədliyə məxsus “Mercedes” markalı avtomobildən 860 manat oğurlayıb.
Hacı Zeynalov