18 Avqust 2015 17:08
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini Elşad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, iki dəfə məhkum edilməsinə baxmayaraq islah olunmayıb və yenidən tamah niyyəti ilə cinayətə əl atıb.

Elşad Abdullayev 5 oktyabr 2014-cü il tarixdə Elşən Ələkbərovun yaşadığı Şamaxı şəhəri, A.Əhmədov küçəsi 6-da yerləşən evinin pəncərəsindən içəri girib. O, evdən 1200 manat dəyərində bir cüt brilliant sırğanı, 800 manat dəyərində bir ədəd brilliant üzüyü, 700 manat dəyərində bir ədəd tros formalı qızıl zənciri, 820 manat dəyərində bir ədəd yolka formalı qızıl zənciri, 280 manat dəyərində bir ədəd nişan üzüyünü, 250 manat dəyərində bir ədəd qızıl beşliyi, 350 manat dəyərində bir ədəd qızıl qadın saatını, 200 manat dəyərində bir ədəd qızıl saat sepini, 800 manat dəyərində bir ədəd brilliant qadın üzüyünü, 200 manat dəyərində bir ədəd qızıl kişi nişan üzüyünü və 50 manatını oğurlayıb.

Bundan başqa, o, 14 sentyabr 2014-cü ildə Tahir Tağıyevin yaşadığı Şamaxı şəhəri, Heydər Əliyev prospekti 32 saylı evə girib. Elşad Abdullayev evdən 40 manata olan “Samsung Duos 1232” markalı mobil telefonu, 90 manata olan “Samsung GT-S5230” markalı mobil telefonu, 15 manat dəyərində bir ədəd saç qurudan aparatı, 5 manat dəyərində bir ədəd mobil telefon adapterini və 10 manat dəyərində “Unibank”a məxsus “Visa” elektron kartını, ümumilikdə Tahir Tağıyevin 160 manat dəyərində əmlakını oğurlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşad Abdullayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər