28 Avqust 2015 22:00
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakini, 1992-ci il təvəllüdlü Kamran Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, qətl hadisəsi Biləsuvar rayonunun Çaylı kəndində qeydə alınıb. Kamran Hüseynli təxminən 2014-cü ilin iyul-avqust aylarında həmkəndlisi Elşən Astanov tərəfindən dəfələrlə təhqir olunub, kənd sakinləri qarşısında şəxsiyyəti alçaldıb. Buna görə Kamran həmkəndlisinə kin bəsləyib.

Elşən Astanov növbəti dəfə avqustun 24-də saat 18 radələrində Biləsuvar rayonunun Çaylı kəndindəki çayxanada Kamran Hüseynli ilə rastlaşıb. Elşən əyləşdiyi masaya Kamranın duz gətirməsini tələb edib. Kamran isə bu göstərişi yerinə yetirməyib. Bu zaman Elşən Kamranı məsxərəyə qoyub və şəxsiyyətini alçaldan ifadələr işlədib.

O, Elşənin bu hərəkətindən hiddətlənib və öldürməklə ondan qisas almaq qərarına gəlib. Bu məqsədlə evdən bıçaq götürməyə yollanıb. Geri qayıdaraq Elşən Astanovu “münasibətlərini aydınlaşdırmaq” adı ilə çayxananın yaxınlığındakı məktəbin yanına aparıb. Bu zaman Elşən Astanov “deyəsən, qeyrətə gəlmisən” deyərək yenə də onu məsxərəyə qoyub.

Onlar məktəbin həyətinə gəliblər, Kamran Elşənə iradlarını bildirib. Mübahisənin qarşısını almaq üçün oraya gəlmiş Səyyad Həsənov onları biri-birindən ayırıb, Elşən Astanovu sakitləşdirməyə cəhd edib. Lakin Elşən heç cür sakitləşməyib, Səyyad Həsənovun əlindən çıxaraq Kamrana yumruq zərbəsi vurub. Bundan hiddətlənən Kamran Hüseynli Elşən Astanovu öldürmək qərarını qətiləşdirib. Bıçaqla Elşən Astanovun ürək və döş qəfəsi nahiyələrinə zərbələr vurub.

Zərbələrin təsirindən Elşən Astanov hadisə yerində ölüb. İstintaq orqanı Kamran Hüseynlini Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edib və iş materiallarını məhkəməyə göndərib.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin cinayəti xuliqanlıq nəticəsində törətməsi sübuta yetirilməyib. Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Kamran Hüseynli 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər