7 Sentyabr 2015 17:55
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində diş həkimini qətlə yetirməkdə ittiham olunan Şamaxı rayonunun Dəmirçi kənd sakini Oktay Mürsəlov və Vasif Soltanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İlham Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılıb. İşi araşdıran hakim kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edib. Hakimlər təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrini sübuta yetirilməmiş hesab ediblər və həmin maddələr üzrə təqsirləndirilən şəxslərə bəraət verilib.

Vasif Soltanovun vəkili Fariz Namazlı Publika.Az-a bildirib ki, müdafiə etdiyi şəxsə verilən Cinayət Məcəlləsinin 9 maddəsi üzrə bəraət verilməsini istəyib: “Lakin apelyasiya şikayətimdə göstərdiyim arqumentlərə məhkəmə cavab verməyib. Hökmdə oğurluq sübuta yetirilmədiyi qeyd edilərək Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri üzrə bəraət verilməsi barədə qərar verilib. Həmin maddələr üzrə qərar verilsə də, məhkəmə cəza hissəsində hökmü dəyişdirmədi. Yenə də təqsirləndirilən şəxslərə verilən cəza ilə bağlı hökm qüvvəsində saxlanıldı. Yenə də hökmdən narazı qalmışıq və yaxın günlərdə kasasiya şikayəti verəcəyik”.

təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 177.2.1, 177.2.2-ci (oğurluq), 178.3.2-ci (dələduzluq), 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Ağdaş şəhər sakini Elsəvər Məmmədovun ötən il dekabrın 3-də idarə etdiyi “VAZ-2106” markalı 10 EK 970 dövlət nömrə nişanlı avtomobillə evdən çıxaraq geri qayıtmaması faktı əsasında dekabrın 29-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Ağdaş Rayon Prokurorluğuna tapşırılıb.

Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədovun Şamaxı rayon sakinləri Oqtay Mürsəlov və Vasif Soltanov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Araşdırmalarla həmçinin o da müəyyən edilib ki, E.Məmmədov tanışı O.Mürsəlovun vasitəsilə ayrı-ayrı şəxsləri işə düzəltmək üçün sonuncuya 2012-ci ilin oktyabr ayında İsmayıllı rayonunda 7.500 manat pul verib.

Dekabrın 3-də saat 16.00 radələrində isə Ağdaş rayonundakı evindən çıxaraq yenidən onunla görüşmək üçün Qəbələ-İsmayıllı istiqamətində yola düşüb. Görüşdən sonra O.Mürsəlov tanışı V.Soltanovla qabaqcadan cinayət əlaqəsinə girərək tamah məqsədi ilə Elsevər Məmmədovu Şamaxı rayonunun Dilənçilər kəndi ərazisində boğaraq qətlə yetirmiş və meyiti Pirqulu kəndi ərazisində basdırıblar. E.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili isə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində gizlədiblər.

Qeyd edək ki, Elsevər Məmmədov diş həkimi olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər