Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini şantaj edən 29 yaşlı Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Anar Məmmədov 2014-cü ildə iki qadınla eyni vaxtda münasibət qurub. O, tanış olduğu Günel adlı qadınla bir evdə yaşayıb, eyni zamanda Türkanə adlı qızla da sevgi münasibətində olub.
Anar Məmmədov hər iki qadınla bir neçə dəfə cinsi əlaqədə olub və bunu mobil telefonun kamerası ilə lentə alıb. Sonradan isə həmin videoları yayacağı ilə hədələyərk sevgililərindən 3 min manata yaxın pul alıb. Bu məsələ ilə bağlı mübahisələrin birində Anar Məmmədov sevgilisi Türkanəni döyüb.
Anar Məmmədov Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) , 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə töqəsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Anar Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Anar Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edibmiş.
Hacı Zeynalov