Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli mqidarda narkotik vasitə gətirməkdə ittiham olunan Elməddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.
Daxil olmuş əməliyyat məlumatına əsasən, Əməliyyat İdarəsində yaradılmış əməliyyat qrupu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində birgə əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı Azərbaycan Respublikasının vətəndaşı Elməddin Rzayev şərti alıcıya bir ədəd polietilen torbanın içərisində olan narkotik vasitəni - həşiş qətranını satarkən əməliyyat qrupu tərəfindən saxlanılıb.
Baxış zamanı bir ədəd polietilen torbanın daxilindən on bir ədəd müxtəli ölçülü, dördkünc formalı, şəffaf polietilenə bükülmüş spesifik rəngə və qoxuya malik, ümumi çəkisi 4 kiloqram 600 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunaraq protokol əsasında götürülüb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Elməddin Rzayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra Elməddin Rzayevin vəkili Səbirə Hacıyeva müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.
Son sözlə çıxış edən Elməddin Rzayev məhkəmədən barəsində yüngül cəzanın verilməsini istəyib. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakim kollegiyası Elməddin Rzayevə 11 il cəza verib.
Hacı Zeynalov