18 Sentyabr 2015 22:31
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətmiş Əliağa Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qəza ötən ilin avqustunda baş verib.

Əliağa Həsənovun idarə etdiyi "Toyota Camry" markalı maşınla İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən magistralda yol hərəkəti qaydalarını pozub. Onun sürdüyü avtomobil 1975-ci il təvəllüdlü, İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini İlham Azayevin "Vaz-21063" markalı avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Əliağa Həsənovun avtomobilində olan sərnişin, Bakı şəhər sakini Gülşən Şirəliyeva xəsarət alıb. İlham Azayevin sərnişini, Bakı sakini, 1992-ci il təvəllüdlü Xədicə Azayeva, İsmayıllı rayon sakini, 1999-cu il təvəllüdlü Minay Azayeva xəsarət alıblar.

Qəzada sürücü İlham Azayev və onun sərnişini olan əmisi oğlu, 1985-ci il təvəllüdlü Cavid Azayev ölüblər.

Əliağa Həsənov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliağa Həsənov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və məhkəmə zalından həbsə alınıb.

Hökmdən narazı qalan Əliağa Həsənov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməasini istəyib. Şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Əliağa Həsənov elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərib ki, 2014-cü il yanvar ayının 4-dən Vergilər Nazirliyində ştatdankənar sürücü işləyib və nazirliyin balansında olan "Toyota Camry" markalı nəqliyyat vasitəsini idarə edib: "20 avqust 2014-cü il tarixdə, səhər saatlarında Vergilər Nazirliyində idarə rəisi vəzifəsində işləyən Müsavər Nəbiyevin qızı Gülşən Şirəliyeva və onun azyaşlı qızı Leyla Şirəliyevanı Bakı şəhərinə gətirmək üçün Qəbələ rayonunun Mıxlıqovaq kəndinə getdim. Onları götürüb Bakı şəhərinə qayıdarkən İsmayıllının Topçu kəndi ərazisində 80-90 km/saat sürətlə hərəkətdə olduğum zaman qarşıdan gələn "Vaz-2106" markalı avtomobillə toqquşdum. Qəzada huşumu itirdim, bir də xəstəxanada özümə gəldim.

Toqquşma nəticəsində "Vaz-2106" markalı maşında olan şəxslərdən iki nəfərin həlak olmasından, bir neçə nəfərin isə xəsarət almasından bu vaxt xəbər tutdum. Baş vermiş hadisədən çox məyus oldum, ölənlərin ruhu qarşısında baş əyirəm. Qəzanı qəsdən törətməmişəm. Dünyasını dəyişən zərərçəkmiş şəxslərin varisləri və sağ qalanlar böyük insanpərvərlik göstərərək mənimlə barışıblar, məndən heç bir şikayət və tələbləri yoxdur. Eyni zamanda, bütün zərərçəkmiş şəxslərə vurduğum ziyan ödənilib. Odur ki, apelyasiya şikayətimin təmin edilməsi, mənə təyin olunmuş cəzanın azaldılması və cəzamın məntəqə tipli müəssisədə çəkilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm".

Təqsirləndirilən şəxsin vəkili Dəyanət Mustafayev bildirib ki, bu cinayət əməlindən sonra təqsirləndirilən Əliağa Həsənov hadisədən kədərləndiyini və peşmançılığını bildirib: "Bundan başqa, Əliağa Həsənov yaşayış yeri və iş yerindən müsbət xarakterizə olunub. Qeyd olunan bu hallar məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hal kimi qəbul edilib. Şəki Ağır Cinayətlər Məhkəməsi və cinayət təqibini aparan istintaq orqanı işin hallarını hərtərəfli araşdırmadan Əliağa Həsənovu təqsirli hesab edib və nəticədə onun barəsində əsassız hökm çıxarılıb.

Məhkəmə gedişatında zərəçəkmiş şəxslər və onların hüquqi varisləri tərəfindən irəli sürülən mülki iddia tələbini təqsirləndirilən şəxs ödəyib. Hazırda zərərçəkənlərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar sayılır.

Göstərilənləri nəzərə alaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edilməli, Əliağa Həsənova aşağı həddə cəza verilməli və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir".

Dövlət ittihamçısı Rəhim Xudiyev müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş edib. Zərərçəkənlər də məhkəmə çıxışı zamanı təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını bildiriblər.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Əliağa Həsənovun cəzası 6 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər