Kiyevdə saxlanılan azərbaycanlı idmançının kimliyi bəlli olub.
Teleqraf.com xəbər verir ki, Rusiyanın müraciəti əsasında İnterpol tərəfindən axtarışda olan azərbaycanlı idmançı Kiyevin "Borispol" hava limanında saxlanılıb.
Ukrayna Təhlükəsizlik Xidmətindən verilən açıqlamada qeyd olunur ki, saxlanılan şəxs Azərbaycanın Qusar rayon sakini 29 yaşlı Valeh Cavanşir oğlu Əmirəliyev universal döyüş üzrə Avropa çempionudur. V.Əmirəliyev və qeyriləri Rusiyada silsilə cinayət əməlləri törətməkdə təqsirli bilinir.
V.Əmirəliyevin “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla yaxın əlaqələri olduğu qeyd olunur.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2012-ci ildə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkədə terror aktları hazırlayan həmin dəstənin bir çox üzvü həbs edilib. Dəstənin başçısı Vüqar Padarov isə əməliyyat zamanı öldürülüb.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, V.Əmirəliyevin Ukraynada saxlanılması və onun yuxarıda qeyd olunan kriminal şəxslərlə əlaqəsinin olması barədə onlarda məlumat yoxdur.