Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Çingiz Cəfərovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Çingiz Cəfərov bundan əvvəl Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddə və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddələri ilə məhkum edilib. O, həmin maddələr üzrə təyin edilmiş cəzanı çəkərək 2012-ci il iyunun 16-da azadlığa çıxıb.
Çingiz Cəfərov həbsxanada tanış olduğu məhkum yoldaşı Aslan Məmmədovla birlikdə İrandan narkotik gətirmək qərarına gəlib. Onlara Aslanın atası Qabil Məmmədov da kömək edib.
İranlılarla tanışlıq
Qabil Məmmədov narkotik vasitələrin qaçaqmalçılıqla İrandan Azərbaycan ərazisinə göndərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə çoxsaylı əlaqələrindən istifadə edib. O, oğlu və oğlunun dostlarını İran vətəndaşları Yasub və Rizvanla tanış edib. Həmçinin mütəşəkkilı dəstənin tərkibinə Qabil Məmmədovun övladları Asiman və Aslan Məmmədovlar, Tural Haxıyev, Zenfira Haxıyeva və istintaqa məlum olmayan digər şəxslər də cəlb edilib.
Mütəşəkkil dəstənin vəzifə bölgüsünə əsasən, Qabil Məmmədovun göstərişi və sifarişi ilə İrandan gətirilmiş narkotik vasitələrin Bakı şəhərində satışını Aslan Məmmədov təşkil edib. O, narkotik dövriyyəsi ilə əlaqəli müxtəlif şəxslərlə görüşüb, istifadə etdiyi telefonla üstüörtülü danışıqlar aparıb və müştərilər tapıb.
Dəstənin vəzifə bölgüsü
Mütəşəkkil cinayət dəstəsinin fəaliyyətinə rəhbərlik edən Qabil Məmmədovun sifariş əsasında 4 oktyabr 2012-ci il tarixdə İran vətəndaşları Yasub, Rizvan və digər şəxslər 9562,1 qram tiryək və 977,9 qram heroini Azərbaycanın gömrük sərhədindən nəzarətdən kənar keçiriblər. Qabil Məmmədov sifariş etdiyi külli miqdarda narkotikin göndərildiyi və gizlədildiyi yer barədə dəstənin digər üzvlərinə məlumat verib.
Aslan öz növbəsində mütəşəkkil dəstənin üzvü Zenfira Haxıyevaya zəng edərək narkotik vasitələrin gizlədildiyi yeri nişan verib.
Zenfira isə gizlədilmiş yerdən narkotiki götürməyi oğlu Tural Haxıyevə tapşırıb. Tural narkotik qoyulmuş idman çantasını gizlədildiyi yerdən Cəlilabad rayonu V.Mürsəlov küçəsindəki evlərinə gətirib. Ana-bala evdə olan tərəzidə narkotiki çəkiblər. Bu zaman 4,2 qram tiryək tərəziyə yapışaraq qalıb. Narkotik qablaşdırılmış çanta isə həyətdə gizlədilib.
Bir oğul Bakıda, biri Cəlilabadda
Qabil Məmmədov narkotiki satmaq məqsədilə Bakı şəhərinə aparılması üçün oğlu Aslan Məmmədova zəng edib, ona digər oğlu Asimanı Cəlilabad şəhərinə göndərməyi tapşırıb. Həmin tarixdə Aslan Məmmədov atasına narkotik vasitələrin verilməsi üçün müştəri ilə bütün danışıqları aparıb və razılığa gəldiyi barədə məlumat çatdırıb. Qabil Məmmədov da buna əsaslanaraq əminliklə səhəri gün həmin əməliyyatı keçirəcəklərini bildirib.
Oktyabrın 5-də saat 17.00 radələrində Asiman Məmmədov Aslan Məmmədova məxsus “VAZ 21074” markalı avtomobillə Cəlilabad şəhərinə gəlib. O, özünün idarə etdiyi avtomobili Qabil Məmmədovun Cəlilabaddakı evində saxlayıb, əvəzində atasının “Mercedes” markalı avtomobilini götürüb.
Sonra Tural Haxıyevin yaşadığı evin yaxınlığına gedib və 9557,9 qram tiryək, 977,9 qram heroin olan çantanı təhvil alaraq geriyə qayıdıb.
MTN-nin əməliyyatı
Qabil Məmmədov gətirilmiş narkotik vasitələrdən 90 qram tiryək götürüb, qalanını isə Asiman Məmmədovun avtomobilinin yük bölməsinə qoyub. Asiman yükü Bakı şəhərində olan Aslan Məmmədova apararkən Cəlilabad rayonu ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Daha sonra davam etdirilən əməliyyat nəticəsində dəstənin digər üzvü Qabil Məmmədov “Mercedes” markalı avtomobilində saxlanılıb. Keçirilən əməliyyatın davamı olaraq Tural Haxıyev və Zenfira Haxıyeva yaşadıqları evdə həbs ediliblər.
Zenfira Haxıyevanın yataq otağında olan şkafda qızıl tərəzisi və həmin tərəzinin üzərində xalis çəkisi 4,2 qram tiryək aşkar edilib. Aslan Məmmədov Bakı şəhərində həbsə alınıb.
Qabil Məmmədov, Tural Haxıyev, Zenfira Haxıyeva, Aslan Məmmədov və Asiman Məmmədov həmin il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunublar. Amma Çingiz Cəfərov istintaqdan yayındığı üçün həmin il məhkəmə məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb, buna görə də barəsində həbsli axtarış elan edilib. Çingiz Cəfərov bir il sonra həbs edilib.
O, Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
11 il cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Cəfərov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək təyin edilmiş hökmün ləğvini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Apelyasiya şikayətini hakim Zeynal Zeynalovun sədrlik etdiyi kollegiya araşdırıb.
Prosesdə çıxış edən prokuror Ceyhun Əliyev bildirib ki, birinci instansiya məhkəməsinin hökmü ilə məhkuma təyin edilmiş cəza ədalətli və məhkumun şəxsiyyətinə uyğun olub.
Çingiz Cəfərovun vəkili Mehdi Hüseynzadə bildirib ki, birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə zidd olaraq müəyyən etdiyi sübutları düzgün tətbiq etməyib: “Məhkəmə yolverilməz, şübhə doğuran sübutları hökmün əsasına qoyub, onlara düzgün qiymət verməyib. Hesab edirik ki, məhkəmə hökmü ləğv edilməli və Çingiz Cəfərova yeni hökmlə bəraət verilməlidir”.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Çingiz Cəfərovun apelyasiya şikayəti təmin edilməmiş saxlanıb.
Hacı Zeynalov