Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Teymur Yusifovum cinayət işi üzrə məhkəmə prosesi davam edib.
İttihama görə, hadisə bu il iyun ayında baş verib. Zirə qəsəbəsində, Artiom ərazisində 1990-cı il təvəllüdlü Sail Bədərlinin idarə etdiyi “Hyundai” markalı avtomobil Teymur Yusifovun idarə etdiyi “VAZ” markalı maşın toqquşub. Qəza zamanı zərbənin təsirində "Hyundai" markalı maşın aşıb.
Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza da onlar salondan qayıdarkən baş verib.
Onu da qeyd edək ki, Teymur Yusifov hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə edib. Hakim Əfqan Hacıyevim sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən Teymur Yusifovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxs məhkəmə də son söz deyərək bildirib ki, onum günahı yoxdur. Məhkəmə onum yaşını və ürək xəstəsi olmasını nəzərə alaraq düzgün qərar çıxarsın xahiş edib. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Hakimlər kollegiyasının hökmünə əsasən Teymur Yusifov 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov