Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
İttihama görə, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov mübahisə zamanı “Vinçester” markalı odlu silahdan qəsəbənin girişində, yol kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə bir neçə atəş açıb. Hadisə nəticəsində Rəhimov qardaşları ölüb və cinayəti törədən hadisə yerindən qaçıb.
Səhəri gün Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar
İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı X.Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət də bu məsələ üstündə baş verib.
Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.
Teleqraf.com xəbər verir ki, proses başlamamışdan əvvəl Zaur Tərlanovla mərhum qardaşların anası Niyar Rəhimova arasında mübahisə olub. Zaur qardaşların anasını təhdid edib: “Sən özündən çox çıxırsan. İçəridə olsam da, bayırda adamlarım var. Səni tikə-tikə böldürərəm”.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun vəkili Mehman Əliyevin 14 şahidin cinayət işinə əlavə edilməsi ilə bağlı ötən prosesdə qaldırdığı vəsatət müzakirə edilib. Həmçinin zərərçəkmiş şəxslərin hüquqi varisi Niyar Rəhimovanın vəkili Ceyhun Yusifov iki hissəli vəsatət qaldırıb.
Vəkil bildirib ki, 38-ci polis bölməsində təqsirləndirilən şəxsin könüllü hüquq-mühafizə orqanlarına təslim olması ilə bağlı tərtib olunan protokol əsassızdır. O bildirib ki, bölmənin əməkdaşları – Elşad Əliyev və Rauf Əsədullayev təqsirləndirilən şəxsin könüllü təslim olmaması ilə bağlı ifadələri var. Vəkil hər iki şəxsin məhkəmədə əlavə şahid qismində dindirilməsini, Zaur Tərlanovun könüllü təslim olması ilə bağlı 38-ci polis bölməsində tərtib edilən protokolun sübutlar siyahısından çıxarılmasını istəyib.
Hakimlər müdafiə tərəfinin vəsatətini qismən təmin ediblər. Qərarda göstərilib ki, vəsatətdə olan 14 şahiddən yalnız 5 nəfərin dindirilməsi nəzərə alınıb.
Həmçinin zərərçəkmiş tərəfin vəkilinin də vəsatəti qismən təmin edilib. Vəsatətdə göstərilən hər iki şahid məhkəmədə dindiriləcək, könüllü təslimolma ilə bağlı protokola isə məhkəmə yekunda qiymət verəcək.
Daha sonra məhkəmə istintaqı başlanıb və dövlət ittihamçısı ittiham aktını elan edib. Prokuror bildirib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törədib.
“Özümü təqsirli bilmirəm”
Zaur Tərlanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, hadisənin baş vermə səbəbini belə izah edib: “Mənim yerimə kim olsaydı belə hadisəni törədərdi. Bu qardaşlar məni təqib ediblər, ailəmə təzyiq göstəriblər. Onlar məni 128 gün izləyiblər. Anamın, bacımın, qardaşımın qarşısını kəsiblər. Evimə girməkdən belə çəkinməyiblər”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün çayxanada olub. Rəhimov qardaşları da çayxanaya gəliblər və onunla mübahisə ediblər. Hadisəyə qədərsə Rəhimov qardaşları ilə münasibəti yaxşı olub. Təqsirləndirilən öncə qardaşların anası Niyarı görüb: “Niyarı bankdan pul götürən vaxtdan tanımışam. Sonra Cavid pul götürüb, ə onu da həmin vaxtdan tanıyırdım”.
Zaur Tərlanov bildirib ki, Sahil qəsəbəsində “Fərəh” adlı çayxanada Cavidlə görüşüb. Cavid banka düzəlmək istəyib və bunun yollarını öyrənib: “Mən ona banklara necə düzəlməyin yollarını izah etdim. Bir gün Cavid gəlib dedi ki, Amerikaya gedir, bunun üçün də idman velosipedini satmaq istəyir”.
Bu zaman Niyar Rəhimova ilə təqsirləndirilən şəxsin arasında mübahisə baş verib. Vəziyyətin belə görən Zaur Tərlanov sərbəst ifadə verməkdən imtina edib. Bu səbəbdən də dövlət ittihamçısının suallarını cavablandırıb.
Suallara cavabda Zaur Tərlanov bildirib ki, hadisədən bir gün əvvəl rayondan gəlib, səhəri gün dostu Anar onu çayxanaya çağırıb: “Çayxanada Anarla görüşdüm, bankdan kredit götürmək istəyirdi. Həmin ərəfədə bankdakı işimdən çıxmağıma baxmayaraq tanışlar vasitəsilə kredit verməyi təşkil edə bilirdim.
Bankdakı dostlarımın biri ilə danışan vaxt Rəhimov qardaşları çayxanaya girdilər, söyüş söyərək məni təhqir etdilər. Onlar məndən dəniz qırağına getməyi, orada söhbət etməyi tələb elədilər. Əvvəlcə getməkdən imtina etmək istədim. Mənə bildirdilər ki, əlimizdən heç yerə qaça bilmiyəcəksən. Məni öz maşınlarına oturmaq istədilər. Amma mən öz maşınımla getməkdə israrlı oldum. Dostum Anar da maşına minmək istədi, amma onu qoymadılar. Dedilər ki, sənin getməyin məsləhət deyil, getsən yanarsan”.
“Məqsədim onları qorxutmaq idi”
O, daha sonra qeyd edib ki, dəniz kənarında Rəhimov qardaşları qumluq yola çıxıblar: “Mən maşını asfaltda saxladım. Onlar mənə hədə-qorxu gəlməyə başladılar. Dövlət məmurlarının adını çəkdilər, onların adamı olduqlarını söylədilər. Polisləri də bu sıraya qatdılar. Məndən maşından düşməyi tələb etdilər, bildirdilər ki, yolları bağlayıblar, heç yerə qaçmağım mümkün olmayacaq.
Həmin vaxt ərazidən Post Patrul Xidməti bölüyünün maşını keçsə də, bizim mübahisəmizə qarsımadılar. Kənardan 50 nəfər bizə tamaşa edirdi. Dostlarım hara getdiyimi bilirdilər. Bir nəfər də arxamca gəlmədi. Mən də vəziyyəti belə ı görəndə silaha əl atdım. Məqsədim onları qorxutmaq idi”.
“Şərəfimi düşündüm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı istifadə etdiyin silahı 2014-cü ilin dekabrın 19-da Mətbuat prospektində yerləşən Ovçular Cəmiyyətindən ov məqsədilə alıb: “Bankdan işdən çıxmışdım, bekar idim. Silahı almışdım ki, dayımın fermasında ov edim. Hadisədən bir gün əvvəl rayondan dayımın fermasından qayıtdığım üçün silah maşınımda qalmışdı”.
Zaur Tərlanov ifadəsində qeyd edib ki, Rəhimov qardaşlarının ona hədə-qorxu gəlməsi, ailə üzvlərini təqib etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyib: “Özümə sığışdırmadım ki, hüquq-mühafizə orqanlarına kiminsə evimə girməsi barədə şikayət edim. Hərənin bir şərəfi var. Mən də öz şərəfimi düşündüm.
Mənə demişdilər ki, bu şəxslər səni öldürəcəklər, 300 min manata qanımı batıracaqlar. Bunu mənə Emin adlı tanışımın yanında Mehman adlı polis işçisi söyləmişdi. Qardaşlardan birinin dəlilik kağızı vardı. Dəlilik kağızı ilə istənilən cinayəti törədib, üstünü bağlamağa qadır olduqlarını deyirdilər”.
Təqsirləndirilən şəxsə zərərçəkmiş tərəfin vəkili Ceyhun Yusifov çoxsaylı suallar versə də, təqsirləndirilən sualları cavablandırmaqdan yayınıb.
Proses zamanı ı Ceyhun Yusifovla təqsirləndirilən şəxsin vəkilləri arasında da mübahisə baş verib.
Zaur Tərlanov bildirib ki, hadisə vaxtı Rəhimov qardaşları da silahlı olublar: “Cahiddə “Makarov” tipli tapança, Cavidə isə xəncərə oxşar bıçaq vardı”.
Məhkəmə iclası noyabrın 2-də davam edəcək.
Hacı Zeynalov