Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Quba rayon sakinləri-1976-cı il təvəllüdlü Pənah Əkbərov və 1958-ci il təvəllüdlü Oruc Ağaverdiyevin cinayət işi üzrə apelyasiya prosesi başa çatıb.
İttihama görə, Pənah Əkbərov ötən il sentyabrın 13-də Xaçmaz şəhərində Oruc Ağaverdiyevdən 40 manata 7,66 qram çəkidə kustar üsulla hazırlanmış narkotik alıb. Həmin gün o, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun ifadəsi əsasında Oruc Ağaverdiyev də həbs edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham ediliblər.
Quba Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmaları sübuta yetirilməyib. Buna görə də onların əməli Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsüf edilib. Pənah Əkbərov 1 il, Oruc Ağaverdiyev 1 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər. Təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti veriblər.
"Nəşəni çəkməyə başladıq"
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Pənah Əkbərov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: "Vəfat etmiş anam üçün başdaşı sifariş vermək məqsədilə tanışım Tərlanla Xaçmaza getdik və orada başdaşı məsələsi ilə bağlı Orucla görüşdük. Həmin vaxt Tərlan Orucla görüşmədi, avtomaşında oturub məni gözlədi. Lakin başdaşı düzəldən ustaya zəng çatmadığından Tərlanla birlikdə Qubaya gəldik.
Oruc Ağaverdiyevlə aramızda narkotiklə bağlı heç bir söhbət olmayıb, ondan narkotik almamışam və ona pul verməmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Qubada Tərlan ona bir yerdə narkotik çəkməyi təklif edib: "Tərlanın bu təklifilə razılaşdım və Vüqar adlı şəxsin avtomobili ilə Quba rayonu Qəçrəş kəndində yerləşən "Asma Körpü" adlı istirahət mərkəzinə getdik. Narkotik Vüqarın üstündəydi. Marixuananı o, doldurdu, sonra nəşəni çəkməyə başladıq.
Həmin vaxt ora polis işçiləri gəldi və məni avtomaşına oturtdular. Tərlanla Vüqarı isə buraxdılar. Polislər məni şöbəyə tək gətirdilər. Polis şöbəsində üstümdə axtarış apardılar. Bu zamanı hal şahidləri və müdafiəçi də yanımda idilər. Polislər mənə psixi təzyiq etdilər. Həmçinin cinayət məsuliyyətindən azad olunmağım və özünümüdafiə üçün ibtidai istintaqa üstümdən çıxan narkotiki Orucdan aldığımı bildirdim".
"Narkotikdən istifadə etmişəm"
Oruc Ağaverdiyev də elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Xaçmaz şəhərində yaşayır, taksi sürür: "Pənahla qohumum Müslüm vasitəsilə tanış olmuşam. 14 sentyabr 2014-cü il tarixdə, saat 15-16 radələrində avtomaşının yanında dayandım, müştəri gözləyərkən iki nəfər mənə yaxınlaşdı. Onlar özlərini polis işçiləri kimi təqdim edərək, məni Quba rayon polis şöbəsinə gətirdilər. Şöbədə üstümdə axtarış aparıldı. Həmin vaxt rəis müavini Arzu gəlib üstümdən nə çıxması ilə maraqlandı. Polis işçisi Murad da cavabında heç bir şey çıxmadığını bildirdi. Onda Arzu Pənahın məndən narkotik vasitə alması barədə üzümə durduğunu söylədi. Pənahı elə-belə tanıdığımı, ona narkotik satmadığımı dedim. Polis işçiləri mənə təzyiq etdi, Murad ciblərimi axtararkən üstümdən 83 manat və bığ qayçısı çıxdı.
Murad qarşıma bir bağlama qoydu. O, həmin bağlamanın mənim olduğunu dedi, 83 manat pulu bir cibimə, bağlamanı isə başqa cibimə qoydu. Sonra Novruz ciblərimdən həmin 83 manatı və bir bağlama narkotiki çıxardı. Bu barədə sənədləşmə aparıldı. Döyülməyimdən qorxaraq narkotiki tapdığımı və özüm istifadə etmək üçün üstümdə saxladığımı bildirdim. Əvvəllər narkotik vasitədən istifadə etmişəm. Pənaha heç vaxt narkotik satmamışam və ondan 40 manat almamışam".
İbtidai istintaq zamanı isə Oruc Ağaverdiyev fərqli ifadə verib. Məhkəmədə onun ifadəsi tədqiq olunub. O, istintaqa verdiyi ifadəsində göstərib ki, marixuanadan istifadə edir: "Özümün istifadəm üçün Xaçmaz rayonunun Yalama meşə ərazisində çətənə kolu əkmişəm. Əkdiyim koldan yarpaqları yığaraq qurutmuşam və marixuana hazırlamışam. Həmin marixuananı özüm istifadə etmişəm. Həmin marixuanadan qalanını kağıza bükərək cibimə qoymuşam və sentyabrın 14-də, günortadan sonra Xaçmaz şəhərindəki dairədə dayanmışam. Bu zaman polis əməkdaşları tərəfindən həbs edilmişəm".
"Pənah Əkbərova müdafiəçi təyin edildi"
Şahid qismində ifadə verən Murad Osmanov bildirib ki, Quba polis şöbəsinin narkotiklərlə mübarizə qrupunda əməliyyat müvəkkili işləyir, polis baş leytenantıdır: "13 sentyabr 2014-cü il tarixdə Quba şəhər sakini Pənah Əkbərovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirməsi ilə əlaqədar şöbəyə əməliyyat məlumatı daxil oldu. Həmin məlumatın dəqiqləşdirilməsi və Pənah Əkbərovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsindən ötrü şöbə rəhbərliyinə rəsmi məlumat verdik. Şöbə rəhbərliyi həmin məlumatın yoxlanılması ilə əlaqədar məndən, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Novruz Qurbanovdan, polis nəfəri Ramil Mehrəliyevdən və təhqiqat qrupunun təhqiqatçısı Vüqar İsmayılovdan ibarət əməliyyat qrupu yaratdı.
Məlumata əsasən, Pənah Əkbərov Quba rayonu Qəçrəş massivində idi. Buna görə də həmin yerə gəldik. Orada Pənah Əkbərova yaxınlaşaraq, özümüzü təqdim etdikdən sonra polis şöbəsinə getməli olduğunu bildirdik. Pənah Əkbərov heç bir etiraz etmədən bizim ilə birlikdə polis şöbəsinə gəldi.
Orada Pənah Əkbərova narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna, həmçinin üstündə qanunsuz narkotik vasitə gəzdirdiyinə görə şübhəli bilindiyini dedik və üzərinə baxış keçiriləcəyini qeyd etdik. Pənah Əkbərov heç bir etiraz etmədən bununla razılaşdı.
Baxış keçirilməzdən əvvəl Pənah Əkbərova müdafiəçi təyin edildi, iki hal şahidi də baxışda iştirak etmək üçün dəvət olundu. Baxışdan əvvəl hal şahidlərinə hüquq və vəzifələri izah edildi. Baxışdan əvvəl təhqiqatçı Vüqar İsmayılov Pənah Əkbərova üzərində olan əşyaları masanın üstünə qoymasını təklif etdi. Pənah Əkbərov da əynində olan parça materialdan olan qara rəngli pencəyinin içəri sol qoltuq cibindən bir ədəd üzərində "spiçki" sözü yazılmış kibrit qutusunu masanın üstünə qoydu".
Şahid daha sonra ifadəsində Pənah Əkbərovun üzərinə baxışın keçirilməsindən danışıb: "Pənah Əkbərovun üzərindən aşkar olunub və götürülmüş bir ədəd kibrit qutusu açıldı. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edildi. Bu barədə Pənah Əkbərovdan soruşduq. O, kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı sentyabrın 13-də, saat 13 radələrində özü istifadə etmək üçün Xaçmaz rayon sakini kimi tanıdığı Oruc adlı şəxsdən 40 manata aldığını və üzərində gəzdirdiyini bildirdi".
Murad Osmanovun sözlərinə görə, sentyabrın 14-də Oruc Ağaverdiyevlə bağlı əməliyyat keçiriblər və onu da Quba rayon polis şöbəsinə gətiriblər. Şöbədə Oruc Ağaverdiyevin üzərinə baxış keçirilib, ondan da narkotik aşkar edilib.
Dövlət ittihamçısı Teymur Əsədov çıxış edib. O, bildirib ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlara düzgün qiymət verməyib. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Quba Rayon Məhkəməsinin hökmü ləğv edilib və yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli biliniblər. Pənah Əkbərov 3 il, Oruc Ağaverdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov