Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil bağında qətl törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Elçin Çobanovum cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əliyev Raminin verdiyi vəsatət müzakirə olunub.
Vəkil ötən prosesdə vəsatət qaldıraq ibtidai istintaqı aparan müstətiqin, tibbi ekspertinin, təqsirləndiriləm şəxsin eləcə də şahidlərin yenidən dindirilməsini istəyib.
Qərara görə, təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla Çobanova, qaynatası Cəlal Hacıyev və hadisə yerində olan şahidlər yenidən məhkəməyə dəvət olunub. Həmin şəxslər növbəti məhkəmə iclasında vəkilin suallarını cavablandıracaq.
Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmışdı və prokuror Elçin Çobanovun 18 il müddətə azadlıqdan məhrum edilməsi istəmişdi.
İttihama görə, bu ilin yanvarın 6-da “Sahil” bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb.
Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.
Hacı Zeynalov