Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Hakim Zeynal Ağayev bildirib ki, cinayət işində adı olan iki şahidin Naxçıvanda olduqları üçün məhkəməyə gələ bilməyəcəklər. Müdafiə tərəfinin vəkilləri də, Mehman Səlimov da buna etiraz edib.
Sabiq nazir müavini həmin şəxslərinin ittiham tərəfinin şahidləri olduğunu bildirib: “Həmin şəxslər mənim əlehimə ifadə veriblər. Yeri gəlsə onları mən Naxçıvandan gətizdirərəm. Onların məhkəmədə dindirilməsini istəyirəm”.
Bundan sonra Mehman Səlimovun vəkilləri vəsatətlərlə çıxış ediblər. İlk olaraq onlar Mehman Səlimovun rəhbəri olduğu “STJ” MMC- nin həyata keçirdiyi lahiyələrlə bağlı yeni ekspertizanın təyin olunması istəyiblər. Vəsatət baxılmamış saxlanılıb.
Növbəti vəsatət isə Mehman Səlimov həbs olunduqdan sonra onun yarımçıq qalan işlərin hansı podraçı təşkilat tərəfinsən yetirdiliyini və həmin şirkətlərin rəhbərlərinin əlavə şahid qismində məhkəməyə dəvət olunmasını istəyiblər. Hər iki vəsatətdə baxılmamış saxlanılıb.
Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.
Hacı Zeynalov