Lökbatandakı atışma ilə bağlı cinayət işi açılıb.
Bakı şəhər prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
Qeyd edək ki, məlum hadisə ötən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib. Baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.
1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub. Hadisə nəticəsində Ədalət Həsənov və iki azyaşlı oğlu - Orxan və Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar.
Hacı Zeynalov