24 Dekabr 2015 17:41
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu qətlə yetirməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1985-ci il təvəllüdlü Şahlar Mürşüdovun məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Şahlar Mürşüdov ifadə verib. O, xalası oğlunun qətlə yetirən zaman sərxoş olduğunu deyib və törətdiyi əməldən peşman olduğunu dilə gətirib: “Hadisədən bir gün qabaq atamın ölümünün il mərasimi idi. Buna görə də Şamaxıya getmişdik. Həmin gün yası yola verdik. Xalamoğlanları da orda idi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, səhəri gün ailəsi ilə birlikdə Bakıya gəlib: “Xalamoğlu Yalçın dedi ki, qal axşam tərəfi bir gedərik. Mən də onunla razılaşdım. Axşam araq aldıq, yeyib-içdik. Sonra evin zirzəmisinə domino oynamağa başladıq. Həmin vaxt səs-küy yarandı. Qardaşım yoldaşı Elmira gəldi ki, dominonu bir az sakit oynayın. Bu mənə xoş gəlmədi və əsəbləşdim. Anama dedim ki, bu gəlini qudurtmusan, atamın evində mənə sakit olmağı deyir. Buna görə də anamı söydüm. Xalamoğlu İlkin mənə kəllə ilə zərbə vurdu. Ağzımdan və burnumdan qan açıldı. Qan görən kimi özümdən çıxdım. Mətbəxə girdim. Yalçın gəlib əl-ayağımı tutdu. Əlimdəki bıçağı 3 metrdən İlkinə atdım. Bıçaq İlkinə dəydi. Taksiyə mindim. Ailəmlə Bakıya qayıdırdım. Yolda telefonuma zəng gəldi. Polis idi. Dedim ki, arvad-uşağı evə qoyub qayıdıram. Müşfiq postunda məni tutdular. Peşmanam. Gərək belə olmazdı. Doğmaca xalamoğlunu öldürdüm”.

Məhkəmə prosesi yanvarın 6-da davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi bu ilin avqust ayının 10-da Şamaxı şəhərində baş verib. Rayon sakini Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirərək, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.

Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər