1 Fevral 2016 15:27
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dini ekstrimist dəstə- Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesin əvvəlində məhkəmə zalında olan Əhməd Kərimovun atası oğluna müraciət edib. Ata oğlunu düzgün yola qayıtmasını, tövbə etməsini, söz verməsini istəyib. Əhməd Kərimov atasına and içməyərək bildirib ki, o, son nəfəsinə qədər Allaha ibadət edəcək. Atası oğluna bu yolun Allah yolu deyil, şeytan yolu olduğunu, şeytana ibadət etdiyini dilə gətirib.

Bu zaman hakimlər kollegiyası prosesi açıq elan edib. Proses başlanan kimi Nurəddin Xəlilovun vəkili vəsatət verərək, müdafiə etdiyinin şəxsin ağır xəstəliklərdən əziyyət çəkdiyini və məcburi müayinə edilməsi ilə bağlı qərar çıxarılmasını istəyib.

Nurəddin Xəlilov vəkilin vəsatətini müdafiə etməyib. Bildirib ki, bu məhkəmə onun inanclarına ziddir: “ Siz məni müakimə edə bilmərsiniz, sizin haqqınız yoxdu. Məni Allah müakimə edəcək”.

Yerində müşavirə keçirən hakim heyəti vəsatət baxılmamış saxlayıb. Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər heç biri özünün təqsirli bilməyib: “ Biz sizin qanunlarınızı qəbul etmirik. Vaxt gələr ki, biz sizə hökm oxuyarıq. Sizə bizi müakimə etmək hüququnu kim verib? Sizin haqqınız yoxdur. Bizə Allahdan böyük varlıq yoxdur, biz sizi tanımırıq. Əbədi cəhənnəm var, bu nədir ki. Ömürlük, 20 il nədir ki. Allah istərsə biz burdan çıxarıq. Siz kafirlər bizə heç nə edə bilmərsiz”

Bu zaman zalda yerdən replika atılıb. “Başqasının arvadına mesaj atmaq nə vaxtdan haqdır”.
Hakim proses iştirakçıların sakit olmasını istəyib. Təqsirləndirilənlər bir çoxu ifadə verməkdən imtina edib. Onlar bu məhkəməni qəbul etməyiblər.

Təqsirləndirilənlərdən İlqar Musayev ifadə verib. O, ifadəsində özünü tam olaraq təqsirsiz olduğunu, ona verilən ittihamların bir başa ssenari şəkilində MTN-də yazıldığını bildirib: “ Məni iki gün orda işgəncə verdilər. Ağıllarına nə gəlib yazıblar. Anamın gözü qabağımda silahı evə qoyublar. Məni terrorist, quldur adı ilə tutublar. Az keçmədi, onların quldur olduğu ortaya çıxdı. Necə olur ki, məni terrorist dedilər, özləri indi mənimlə birlikdə Kürdəxanıda bir yatırlar”.

Bu zaman zalda təqsirləndirilən şəxslər bir ağızdan “Allahı Əkbər” şüarı səsləndirirlər. Təqsirləndirilənlərdən Anar Rzayev də ifadəsində heç bir günahı olmadığını, bu şəxsləri tanımadığını qeyd edib.

Prosesdə zərərçəkmişlər də iştirak edib. Onlardan öldürülən Vahid Vahabovun oğlu, hüquqi nümayəndəsi Rəşad Vahabov ifadə verib. O, çıxış zamanı cinayətkarların evə girərək, atası öldürdüyünü, anasını da yaraladığı deyib. Rəşad Vahabov təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib.

Məhkəmə prosesi fevralın 8-də davam edəcək.

Qeyd edək ki, dəstə üzvləri ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evində qətlə yetiriblər. Onların daha sonra çoxsaylı oğurluq, quldurluq cinayətləri üzə çıxıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər