Gürcüstandan qaçaq yolla ölkəyə dərman gətirməkdə təqsirli bilinən şəxs cəzalandırıldı
Gürcüstandan Azərbaycana külli miqdarda dərman vasitələri keçirməkdə ittiham olunan Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Pərvin Hətəmovun məhkəməsi başa çatıb.
İttihama görə, Pərvin Hətəmov 11 fevral 2014-cü ildə Gürcüstanın Tbilisi şəhərində istintaqla müəyyən edilməmiş mənbədən 0,9 qram "Clonazepam" və 1,49 qram "Relanium (Diazepam) 10mq/2ml" psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib. O, dərmanları malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə etməklə "Mercedes Benz" markalı maşının qabaq oturacaqları ilə hava filtrinin içərisində yerləşdirib.
Pərvin Hətəmov avtomaşını həmin gün saat 19.30-da Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" postunda nəzarətdən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.
Pərvin Hətəmov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib.
Qazax Rayon Məhkəməsinin hökmü ilə Pərvin Hətəmov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Pərvin Hətəmov məhkəmə zalından həbs edilib.
Hökmdən narazı qalan Pərvin Hətəmov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Pərvin Hətəmov ona elan edilmiş ittihamda özünü təqsirli bilib. İfadəsində göstərib ki, fevralın 11-də, saat 19.30-da idarə etdiyi avtomobillə Tbilisi şəhərindən qayıdarkən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" postuna daxil olaraq avtomobili idxal xəttində saxlayıb: "Müvafiq sənədləri təqdim etdikdən sonra gömrük əməkdaşları tərəfindən mənimlə şifahi qaydada sorğu-sual aparıldı. Daha sonra üzərimdə və avtomobilimdə dövriyyəsi Azərbaycan Respublikası ərazisində qadağan olunmuş narkotik və psixotrop maddələrin, eləcə də mütləq bəyan olunası digər predmetlərin olub-olmaması barədə soruşdular. Üzərimdə və avtomobilimdə dövriyyəsi qadağan olunmuş narkotik və psixotrop maddələrin, digər predmetlərin olmadığını bildirdim. Gömrük əməkdaşları tərəfindən avtomobilə baxış keçirildi. Qabaq oturacaqların söykənəcəyindən və hava filtrinin içərisində gömrük nəzarətindən gizlətdiyim hər birində 10 həb olmaqla 290 konvalyut "Finlepsin", 149 ampula "Relanium", hər birində 30 həb olmaqla 10 konvalyut "Klonazepam", hər birində 30 həb olmaqla 5 qutu "Rivitril Clonazepam", 20 ampula "Ferrum Lek", hər qutuda 1 ədəd olmaqla 11 qutu "BerotekH" flakon-aerozol və başqa dərman preparatları aşkar edilərək götürüldü. Bu barədə akt tərtib edildi.
Həmin dərman preparatlarının Azərbaycanda yaxşı pula satıldığını eşitmişdim. Onları burada gətirərək satmaq məqsədi ilə Gürcüstandan almışdım. Lakin həmin dərmanları kimə və neçəyə satacağımı əvvəlcədən dəqiqləşdirməmişəm. Törətdiyim cinayətə görə son dərəcə peşmanlıq hissi keçirirəm".
Pərvin Hətəmovun vəkili Rüstəmə Ağayevanın sözlərinə görə, birinci instansiya məhkəməsinin hökmü qanunsuzdur: "Pərvin Hətəmova təyin olunmuş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığı üçün hökm dəyişdirilməlidir. Pərvin Hətəmovun əməlinin tövsifinə dair müdafiə tərəfi mübahisə yaratmır.
Ancaq məhkəmənin təyin etdiyi 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəlilik dərəcəsinə uyğun deyil və Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.
Pərvin Hətəmov məhkəmədə özünü tam təqsirli bilib, əməlindən səmimi peşmançılıq çəkdiyini göstərib. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Pərvin Hətəmovun cavanlığını, məhkumluğunun olmamasını, himayəsində 2 azyaşlı uşağın mövcudluğunu, törətdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini göstərib.
Pərvin Hətəmova Cinayət Məcəlləsinin 206.2 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza verilməsini qanuni hesab edirəm. Lakin azadlıqdan məhrum edilməsinin Pərvin Hətəmovun ailəsinə hansı təsir göstərəcəyi nəzərə alınmayıb. Halbuki o, cinayət hadisəsini törətdikdən sonra nümunəvi davranışı ilə özünü doğrultmağa çalışıb, iki azyaşlı uşağı var, həyat yoldaşı heç bir yerdə işləmir".
Pərvin Hətəmovun ailənin əsas qazanc gətirəni olduğunu deyən vəkil qeyd edib ki, onun həbs edilməsi təqsirləndirilən şəxsin ailəsini maddi və psixoloji cəhətdən hərtərəfli çətinliyə salacaq: "Bu da cəzanın ədalətli olmaması qənaətini yaradır. Pərvin Hətəmovun barəsində ibtidai araşdırma zamanı "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib, qətimkan tədbirinin şərtləri onun tərəfindən pozulmayıb.
İbtidai istintaq zamanı və məhkəmə baxışının gedişatında Pərvin Hətəmov cinayət prosesini həyata keçirən orqanın hər bir çağırışını və tələbini yerinə yetirib. Cinayət hadisəsi 11 fevral 2014-cü ildə baş verib, hadisənin üzərindən 1 il 8 ay keçib. Bu müddətdə Pərvin Hətəmov Qazax rayonunda ictimai-faydalı əməklə məşğul olaraq ailəsini dolandırmağa çalışıb, heç bir qanunsuz hərəkətlərə yol verməyib, törətmiş olduğu əməlin ictimai-təhlükəlilik dərəcəsi azalıb".
Vəkilin fikrincə, Pərvin Hətəmov hadisədən sonrakı 1 il 8 ay müddətində artıq islah olunduğunu sübut edib: "Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq məhkəmə hökmü ilə təyin olunmuş cəzanın şərti tətbiq olunması üçün bütün əsaslar olub. Məhkəmə təqsirləndirilən şəxs Pərvin Hətəmovun barəsində qeyd edilən halları yüngülləşdirici hal kimi qiymətləndirib və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin olunacaq cəzanın müəyyən sınaq müddəti ərzində şərti tətbiq edilməsinə dair hökm çıxarmalıdır".
Tərəfləri dinləyən hakim heyəti Pərvin Hətəmovun apelyasiya şikayətini qismən təmin edib. Hakim kollegiyası onun cəzasını 3 il 2 aya endirib.
Hacı Zeynalov