Bakı Apelyasiya Məhkəməsində “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun işi üzrə məhkəmə prosesi davam edib. Bir qrup zərərçəkmiş vətəndaşın vəkili Aqil Layıcov bildirib ki, proses yenindən təxirə salınıb.
Vəkilin sözlərinə görə, prosesin keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən veriləcək sorğunun cavabından asılıdır: “Salon zərərçəkmişlərlə dolu idi. Amma hakim bildirdi ki, proses baş tutmayacaq. Buna səbəb mülklərlə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş sorğuya cavab verilməməsidir. Hakim dedi ki, xidmət həftənin sonuna kimi sorğuya cavab verəcək. Zərərçəkmişlərlə razılaşandan sonra prosesi fevralın 12-dək təxirə salındı”.
Qeyd edək ki, 81 nəfərin milyonlarla manat vəsaitini mənimsəmiş “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov məhkum olunsa da, cinayət işi üzrə adı keçən zərərçəkmişlərə dəymiş ziyan hələ də ödənməyib.
2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Zal Yusifov həm istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı etiraf edib ki, üzərinə həbs qoyulan “Humay” şadlıq sarayı onun özünə məxsusdur.
Cinayət işinin araşdırıldığı məhkəmədə də əmlakların Zal Yusifova məxsus olduğu tam sübuta yetirilib və buna görə də həmin əmlakların hərrac yolu ilə satılması, əldə olunan pul vəsaitlərinin zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul edilib.
Amma dələduz bankirin ahıl atası Zakir Yusifov illərdir ki, sözügedən əmlakların satışa çıxarılmaması üçün hər cür saxtakarlığa əl atır. Saxta sənədlərdən istifadə edən Zakir Yusifov Ali Məhkəmədə cinayət işinin növbəti dəfə apelyasiya instansiyasında araşdırılmasına nail olub.
Zakir Yusifov saxta sənədlər təqdim eləməklə iddia edir ki, əmlaklar onun özünə məxsusdur. Amma bundan əvvəl apelyasiya instansiyasında mülklərlə bağlı ayrı-ayrı hakim kollegiyalarında araşdırma aparılıb, əmlakların Zakir Yusifova aid olduğu sübuta yetirilib.
Ali Məhkəmə Zakir Yusifovun iddiasına sonuncu dəfə ötən il noyabrın 14-də baxıb və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Həmin vaxt üzərinə həbs qoyulan mülklər artıq Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin Binəqədi rayon şöbəsi tərəfindən hərraca da çıxarılmışdı. Amma Ali Məhkəmədə qərarın ildırım sürəti ilə ləğv edilməsinə nail olan Zakir Yusifov növbəti dəfə mülklərin satışa çıxarılmasına mane ola bildi.
Qeyd edək ki, Zakir Yusifov “Humay” şadlıq sarayı, həmçinin iki bloklu, dörd mərtəbəli villa və digər mülklərin oğluna yox, özünə məxsus olduğunu iddia edir. Amma ortalığa fakt qoya bilmir ki, bu əmlakları hansı vəsait hesabına əldə edib. Reallıqsa belədir ki, Zakir Yusifovun oğlu Zal Yusifov bankir olandan sonra onlarla vətəndaşın etimadını qazanaraq onları dələduzluq yolu ilə aldatmağa başlayıb, pullarını alıb, beləliklə, külli miqdarda var-dövlətə yiyələnib.
Hazırda Bakı Apelyasiya Məhkəməsində növbəti dəfə bu işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılır. Hakimlər tərəfindən mülklərin kimə məxsus olması ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin sözlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbərinin qeyri-qanuni yolla 81 nəfərə yaratdığı problemin həlli üçün Azərbaycanda müvafiq qanunlar mövcuddur: “Məhkəmə 100-ə yaxın insanın pulunun Zal Yusifov tərəfindən necə və niyə mənimsənilməsini araşdırmalıdır. Hesab edirəm ki, bütün faktlar araşdırılandan sonra problem məhkəmə tərəfindən müsbət həllini tapacaq. İnanıram ki, məhkəmə bütün bu məsələlərə düzgün baxacaq və dəqiq qiymət verəcək.
Bu məsələyə çox ciddi yanaşmalı olan məhkəmə ədalətli qərar verməyi də bacarmalıdır. Məhkəmənin müvafiq araşdırmasından sonra isə dələduzluq yolu ilə mənimsənilmiş əmlak müsadirə olunaraq zərərçəkmişlərə dəyən ziyan ödənməlidir”.
Deputat hesab edir ki, sözügedən mülklərin özünə aid olması ilə bağlı Zakir Yusifovun verdiyi şikayətin əsassızlığı bu dəfə də məhkəmədə sübuta yetirilsə, həmin şəxs qanun qarşısında cavab verməli olacaq: “Azərbaycanda məhkəmələr öz işini qura bilib. İnanıram ki, 81 nəfərin üzləşdiyi bu problemlə bağlı ədalətli hökm çıxarılacaq. Əgər problem mövcuddursa, mütləq qaydada məhkəmə prosesə uyğun ən layiqli qərarı qəbul etməlidir. Çox güman, elə belə də olacaq.
Zakir Yusifovun nə deməsindən asılı olmayaraq faktlar araşdırılacaq və həqiqət üzə çıxacaq. Onun nə iddia etməsi vacib deyil, əsas olan araşdırmanın düzgün aparılmasıdır. Nəticədə insanların hüququ bərpa edilməlidir. Əgər bankirin atası məhkəmədə üzərinə həbs qoyulmuş əmlakın həqiqətən də ona məxsus olduğunu sübuta yetirə bilməsə, bunun nəticələri çox ağır olacaq. Hesab edirəm ki, məhkəmə işlə bağlı lazımı ölçü götürməlidir. Söhbət dəyəri milyonlarla ölçülən məbləğdən gedir və ortada 100-ə yaxın zərərçəkmiş insan var.
Şikayətin əsassızlığının apelyasiya instansiyasında dəfələrlə sübuta yetirilməsinə baxmayaraq, yenidən Ali Məhkəməyə şikayət verilməsinə gəlincə, zənnimcə, əmlakla bağlı bütün məsələlər, şübhəli məqamlar çox ciddi şəkildə araşdırılmalı və qərar da bu nəticəyə uyğun qəbul edilməlidir”.
Millət vəkili onu da qeyd edib ki, son vaxtlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib: “Təbii ki, bu cür problemlər də qanun çərçivəsində həllini tapmalı, vətəndaşlara dəyən ziyan vaxtında və yubadılmadan ödənməlidir”.
Heybət