Araya girən şəxsi bıçaqlayan Füzuli sakini cəzalandırıldı
Şirvan Apelyasiya Məhkəməsində Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Rzayevin cinayət işi üzrə proses başa çatıb. İttihama görə, Elşad 20 iyun 2015-ci il tarixdə, saat 13 radələrində sərxoş vəziyyətdə Füzuli rayonu Aşağı Yağlıvənd kəndi ərazisində asfalt yolun kənarında yerləşən Anar Şıxəliyevə məxsus avtomobillərin texniki təmiri sexinin qarşısına gəlib.
Orada Eldəniz Abbasovla borc pulun ödənilməsi ilə bağlı mübahisə baş verib. Mübahisə zamanı Elşad Eldənizin ünvanına nalayiq söyüşlər söyüb. Onun bu hərəkətini görən Eldəniz sexin qarşısından gedib.
Elşad Rzayev sexdə işləyən və ətrafdakı obyektlərdə olan şəxslərin yanında Eldəniz Abbasovun ünvanına ucadan nalayiq söyüşlər söyməkdə davam edib. Xaliq Atakişiyev Eldənizin ünvanına söyüş söydüyü üçün Elşad Rzayevə öz iradını bildirib.
Beləliklə, Elşad Rzayev ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edib. O, heç bir əsaslı səbəb olmadan Xaliq Atakişiyev və onun ailəsinin ünvanına uca səslə nalayiq söyüşlər söyüb.
Daha sonra üzərində gəzdirdiyi bıçaqla Xaliq Atakişiyevi vurub.
Elşad Rzayevə Cinayət Məcəlləsinin 126-ci (sağlamlığa qəsdən ağır xəsarət yetirmə) maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə itirilməsinə gətirən xəsarətlər yetirib.
Elşad Rzayev Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. Füzuli Rayon Məhkəməsinin hökmü ilə Elşad Rzayev 3 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan Elşad Rzayev apelyasiya şikayəti verərək, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini istəyib.
Apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətə hakim Etibar Camalovun sədrlik etdiyi kollegiya baxıb.
Elşad Rzayevin vəkili Vəkil Quliyev bildirib ki, Füzuli rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli hökmünün dəyişdirilərək, Elşad Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqi barədə qərar qəbul edilməlidir.
Vəkilin sözlərinə görə, Füzuli rayon Məhkəməsində hökm çıxarılarkən təqsirləndirilən Elşad Rzayevin gəncliyi, evliliyi, himayəsində iki azyaşlı uşağın olması, müsbət xarakterizə alması, ilk dəfə az ağır cinayət törətməsi, öz təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq keçirməsi, əvvəllər məhkum edilməməsi, zərərçəkmiş Xaliq Atakişiyev ilə barışması, habelə məcburi köçkün olması məhkəmə tərəfindən yüngülləşdirici hallar kimi nəzərə alınmayıb: “Həmin hallar Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tələblərinə əsasən yüngülləşdirici hal kimi qəbul edilməlidir. Bu da öz-özlüyündə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsasdır.
Füzuli rayon Məhkəməsi hökm çıxararkən Elşad Rzayevə tətbiq edilən cəza Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə uyğun olmayıb. Göründüyü kimi, təqsirləndirilən şəxs ilk dəfədir az ağır cinayət törədib, şəxsiyyəti isə müsbətdir. Hökm çıxarılarkən Elşad Rzayevin cəzasını ağırlaşdıran halların olmaması da məhkəmə tərəfindən lazımınca nəzərə alınmayıb. Hökmdə Elşad Rzayev barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqi üçün kifayət qədər əsasların mövcudluğu məhkəmədə müzakirə olunmayıb".
Elşad Rzayev də məhkəmə çıxışı zamanı apelyasiya şikayətini müdafiə edib. Bildirib ki, elan edilmiş ittihamla özünü tam təqsirli bilib: “Füzuli rayon Məhkəməsinin barəmdə olan hökmünü, təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətimə uyğun olmadığından dəyişdirilməsini istəyirəm.
Məhkəmədən barəmdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan şərti məhkum edilməyimi xahiş edirəm”.
Dövlət ittihamçısı Ədalət Əzimov bildirib ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır: “Məhkum olunmuş şəxsə onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi, cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ədalətli və qanuni cəza təyin olunub”.
Dövlət ittihamçısı hökmün dəyişdirilmədən saxlanılmasını, apelyasiya şikayətinin təmin olunmamasını xahiş edib. Zərərçəkmiş Xaliq Atakişiyev də təqsirləndirilən şəxsin apelyasiya şikayətini müdafiə edib. O, bildirib ki, Elşad Rzayevlə barışıb, ondan heç bir şikayəti yoxdur.
Tərəfləri dinləyən hakim kollegiyası Elşad Rzayevin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətini təmin etməyib.
Hacı Zeynalov