Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.
Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimovun cəmiyyət tərəfindən Yasamal rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə onlara 305 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Ümumilikdə cinayət işi üzrə 29 nəfər zərərçəkmiş olub. Vətəndaşlar “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARI-N”MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir.
Bu şirkətin direktoru isə İmran Axundovdur. O, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır.
Məhkəmədə ifadə verən Qoşun Rəhimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, VEDI-E” MMC-ni təsis edib. Onun sözlərinə görə, bina tikintisi üçün “SAFARI-N” MMC ilə müqavilə bağlayıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, binanın tikintisi zamanı iştirak edən fəhlələrin pulunu özü ödəyib. Onun sözlərinə görə, vergi işləri və bank əməliyyatları ilə “SAFARI-N” MMC məxsus olub. O, qeyd edib ki, həmin MMC-nin icraçı direktoru Elnur adlı şəxs olub: “MMC-nin sahibi isə İmran Axundov idi. Hər ay hesabatı həmin MMC-nin mühasibatlığına vermişəm. Tikinti işləri isə 2 il müddətində aparılıb. Bu illər ərzində 24 dəfə MMC hesabat vermişəm. Burada mənzillərin satışından əldə olunan pullar və digər sənədlər olub. Tikinti aparılan binanın ərazisində olan torpaq sahəsi “SAFARI-N” MMC məxsus olub”.
O, qeyd edib ki, tikintiyə ümumilikdə 1 milyon 300 min manat vəsait xərclənib. Onun sözlərinə görə, qeyd olunan məbləğdən İmran Axundovun xəbəri olub.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2009-cu ildə tikinti yarımçıq saxlanılıb. Onun sözlərinə görə, bundan sonra evlərin alıcılara paylanmasında gecikmələr olub: “Buna görə də alıcılar prokurorluğa şikayət etməyə başlayıb. Şikayətlərin qarşısını almaq üçün həmin ərazidə tikinti aparmaq istəsə də, buna “SAFARI-N” MMC-nin rəhbər şəxsləri tərəfindən imkan verilməyib. Səbəb isə onlarla olan müqavilənin vaxtının bitməsi olub”.
Məhkəmə prosesi gələn həftə davam edəcək.
Hacı Zeynalov