Bakının Xətai rayonunda qadın tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 27-də, Xətai rayonu Turşu küçəsi ərazisində cinayət hadisəsi baş verib.
Həmin ərazidə Hökməli Fətəliyevin boğaz nahiyəsini naməlum şəxslər kəsib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və ona tibbi yardım göstərilib.
Bu hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma başlayıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı cinayəti törədən Aygün Ələkbərova həbs edilib.
İstintaqa ifadə verən Aygün Ələkbərov bildirib ki, Hökməli Fətəliyev ilə qohumdurlar. Onun sözlərinə görə, Hökməli onun həyat yoldaşının əmisidir. Aygün Ələkbərova qeyd edib ki, Hökməli kirayə qaldığı evdə ona qarşı seksual xarakterli hərəkət edib və buna görə də cinayəti törətməyə məcbur olub. Hadisə zamanı Hökməli Fətəliyev sərxoş olub.
Hadisədən dərhal sonra Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Amma fevralın 11-də Hökməli Fətəliyev xəstəxanada vəfat edib. Buna görə də Aygün Ələkbərovanın ittihamında dəyişiklik olub.
Aygün Ələkbərovanın cinayət işi material araşdırılması üçün Xətai Rayon Prokurorluğuna göndərilib və onun barəsində Cinayət Məcəllənin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
İş üzrə istintaq hərəkətləri davam edir.
Hacı Zeynalov