Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının dini radikal silahlı birləşmələrə və ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilmiş son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç saxlanılıblar.
Müəyyən edilib ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.
Zöhrab Məmmədov Suriya ərazisindəki “Mühacir Ansar”, İbad Muxtarov isə İraqdakı “Muvahidd camaatı” qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıblar.
Həmçinin müəyyən edilib ki, keçmiş SSRİ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstələrində xidmət etmiş, hərbi sahədə xüsusi biliklərə malik olan Vladimir Marfin qeyri-qanuni yollarla Suriya ərazisinə keçirilərək “Azəri camaatı” qanunsuz silahlı birləşməsinə cəlb edilən Azərbaycan Respublikasının vətəndaşlarına odlu silahlardan istifadə və döyüş taktikası üzrə təlimlər keçib, onları müxtəlif şərtlər altında döyüşə hazırlayıb, Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri ərzaq və hərbi əməliyyatlar üçün zəruri olan digər ləvazimatlarla təchiz edib.
Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç şübhəli bilindikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçillib.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bir daha ölkə vətəndaşlarını hər hansı formada qanunsuz silahlı birləşmələrə cəlb edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıq edir və onların radikal dini ideoloji təsiri altına düşmüş Azərbaycan Respublikasının vətəndaşlarını belə qanunsuz silahlı birləşmələrə qoşulmamağa çağırır.
Hacı Zeynalov