Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunan 17 nəfərlik dini ekstrimist dəstə - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 8 şahid, 1 zərərçəkmişin ifadəsi dinlənilib. Onlar ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiqləyiblər.
Daha sonra təqsirləndirilən şəxs Əhməd Kərimovun atası Tofiq Kərimov ifadəsində oğlunun şeytanın yolunda olduğunu deyib. Ata oğlunun haqq yoluna qayıtmağı təklif edib. Ata oğlunun şeytan yolundan əl çəkməsini istəyib.
Məhkəmə prosesi fevralın 29-da davam edəcək.
İttihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl- zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.
Hacı Zeynalov