24 Fevral 2016 13:13
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyğunçuluqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Seymur Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Seymur Xəlilov Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq) maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum edilib.

Seymur Xəlilov cərimə cəzasını ödəmədən yenidən oğurluq cinayəti törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 18 fevral 2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1., 177.2.2 maddələri ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum olunub, həmçinin 3000 manat miqdarında cərimə cəzasına məhkum edilib.

Seymur Xəlilov 2015-ci il azadlığa çıxıb. O, əvvəllər iki dəfə talama cinayətinə görə məhkum edilməsinə baxmayaraq, yenə də köhnə əməllərini davam etdirib.

Seymur Xəlilov 26 aprel 2015-ci il tarixdə, saat 20:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Mənsurə Qafarovanın icarə əsasında işlətdiyi ərzaq mağazasına müştəri kimi gəlib. Satıcının başının qarışıq olmasından istifadə edərək mağazanın kasasından 150 manatı götürüb. Satıcı üzünü kassaya tərəf çevirərkən onun pulu götürdüyünü görüb və qaytarmasını tələb edib. Seymur Xəlilov mağazadan qaçıb.

Bundan başqa, Seymur Xəlilov istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz narkotik vasitə olan tiryəki əldə edib və üzərində saxlayıb. Sumqayıt polisi onu mayın 2-də,12-ci mikrorayon ərazisində saxlayıb. Bölməyə gətirilən Seymur Xəlilovun üzərində 0,680 qram narkotik vasitə aşkar edilib.

Seymur Xəlilov Cinayət Məcəlləsinin 180.3.3-cü (əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən soyğunçuluq törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Xəlilov 10 il azadlıqdan məhrum edilib və 3 min manat cərimə cəzasına məhkum olunub.

“Pulu oğurlamaq qərarına gəldim”

Hökmdən narazı qalan Seymur Xəlilov apelyasiya şikayəti verib. O, işinə yenidən baxılmasını istəyib. Apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Seymur Xəlilov bildirib ki, aprelin 26-da, saat 18.30-19.30 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən kafelərin birində yeyib-içib: “Sonra 13-cü mikrorayon ərazisi ilə gedərkən siqaret almaq və oğurluq etmək məqsədilə yolun kənarında olan ərzaq mağazasına girdim. Həmin vaxt mağazada bir neçə müştəri vardı. Satıcı qadının müştərilərlə məşğul olduğunu və aldığı pulu üzərində açar olan siyirtməyə qoyaraq açarla bağlamadığını gördüm. Siyirtmədən pul oğurlamaq qərarına gəldim.

Satıcıdan 2 kilo karamel konfet verməsini xahiş etdim. Satıcı xüsusi ayrılmış gözlükdən konfet yığarkən siyirtmədə olan pulları götürərək cibimə qoydum. Əlimi siyirtmədən çəkəndə hansısa əşyaya toxundum, əşya yerə düşərək səs çıxardı. Bu zaman satıcı siyirtməyə tərəf gələrək oraya baxdı, paltarımdan tutaraq götürdüyüm pulu geri qaytarmağımı tələb etdi. Qadının əlindən dartınaraq qaçıb mağazadan uzaqlaşdım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, mağazadan götürdüyü pulu sayıb: “9 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinasları olmaqla, 65 manat pul götürdüyümü bildim. Tutularkən mağazadan götürdüyüm pulu qadına qaytardım”.

“Sənədlərə imza atmağa məcbur edilmişəm”

Seymur Xəlilov mağazadan pul oğurladığını boynuna alsa da, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda özünü təqsirli bilməyib: “Bölməyə evdən gəlmişəm və üstümdə heç bir narkotik vasitə olmayıb. Polis bölməsində bölmə rəisi stolun üstünə paketdə narkotik vasitəni qoyaraq onun mənə məxsus olması barədə sənədlərə imza atmağa məcbur edib”.

Amma hakim kollegiyası Seymur Xəlilovun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini də tədqiq edib. O, apelyasiya məhkəməsində soyğunçuluq cinayətini olduğu kimi danışsa da, narkotik vasitələri əldə etməsi ilə bağlı ziddiyyətli ifadə verib.

Seymur Xəlilov birinci instansiya məhkəməsində göstərib ki, 2 may 2015-ci il tarixdə də öz istifadəsi üçün Bakı şəhərində 10 manat pul verərək tanımadığı şəxsdən narkotik vasitə olan tiryək alıb və cibinə qoyub: “Sonra Sumqayıt şəhərində yerləşən 12-ci mikrorayona gəldim. Həmin gün saat 19.45 radələrində həmin ərazidə gəzərkən mülki geyimli şəxslər mənə yaxınlaşdılar. Xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirdilər, birlikdə bölməyə getməyi təklif etdilər.

Polis bölməsində tanımadığım iki hal şahidi dəvət olunduqdan sonra üzərimdə qanunsuz narkotik vasitə varsa könüllü təqdim etməyi təklif etdilər, sonra üzərimə baxış keçirilməyə başlandı. Əynimdəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş vəziyyətdə tiryək aşkar edilərək götürüldü. Bundan sonra bütün hərəkətlər protokollaşdırıldı. Mənim, hal şahidlərinin və digər şəxslərin iştirakı ilə həmin tiryək zərfə qoyuldu və möhürlənərək imzalarla təsdiq edildi".

Təqsirləndirilən şəxsin müdafiəçisi və dövlət ittihamçısının çıxışını dinləyən hakim kollegiyası sonda qərar elan edib. Seymur Xəlilovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər