Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəşad Abdulrəhmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin oktyabrın 4-də Şahin Niftəliyevin evinə gəlmiş tanışı, Qusar rayon sakini Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Rəşad Abdulrəhmanov daha sonra həmin evdə kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb. O, sonra hadisə yerini tərk edib. Şahin Niftəliyev hadisə yerində ölüb, Zibeydə Hacıbəyova isə xəstəxanaya yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Abdulrəhimov tutulub.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəşad Abdulrəhmanov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov