16 Mart 2016 16:32
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən “Texnikabank” ASC-nin Bakı filialının sabiq rəhbəri Zal Yusifov zərərçəkmişlərə dəyən ziyanı ödəməkdən yayınır. O, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Dələduz bankirin mülk və obyektlərinin müsadirə edilməsi, həmin əmlakların hərrac yolu ilə satılaraq zərərçəkmişlərə ödənilməsi barədə də qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, Zal Yusifovun cinayətkar əməli 2008-ci ildə ifşa edilib. 81 vətəndaşın ümumilikdə 38 milyon manatdan çox pulunu ələ keçirən ata Yusifov oğlu İslam Yusifov da cinayət əməllərinə cəlb edib. Bu səbəbdən Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə İslam Yusifov 8 il azadlıqdan məhrum edilib.

Məhkəmə müəyyən edib ki, İslam Yusifov bankir atasının dələduzluq işlərinə köməklik göstərməklə yanaşı, özü də dələduzluq edib. O, bir neçə vətəndaşı aldadaraq onların pulunu mənimsəyib.

İslam Yusifov həmin pulları alarkən sənədlərə imza atıb. Ancaq aldığı pulları geri qaytarmayıb. 5 il həbsxana həyatı yaşayandan sonra onda azadlığa çıxmaq arzusu yaranıb. Bu məqsədlə 2015-ci ildə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Amma məhkəmə İslam Yusifovun ərizəsini təmin etməyib.

Dələduz bankirin oğlu necə azadlığa çıxdı?

Buna baxmayaraq, İslam Yusifov istəyinə nail olmaq üçün apelyasiya şikayəti verib. O, şikayətində cəzasının 5 ilini çəkdiyini, qalan hissəni isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını istəyib. İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib.

Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib, Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib, o, dərhal həbsdən azad edilib.

Bu qərardan narazı qalan prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv ediblər. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə material apelyasiya instansiyasına qaytarılıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya göndərilib.

Zərərçəkmişlərin pullarını ödəməkdən yayınan bankir oğlu azadlığa çıxmaq arzusu ilə yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Bu il fevralın 12-də hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə İslam Yusifovun kasasiya şikayəti təmin edilib. O, cəzasının çəkilməmiş hissəsini azadlıqda çəkməli olacaq.

Azadlığa çıxdıqdan sonra İslam Yusifov milyonlarla pulunu mənimsədiyi zərərçəkmişlərdən yayınır və onların pullarını ödəmək istəmir. Zərərçəkmişlərin telefon zənglərinə cavab vermir, paytaxtda ayrı-ayrı ünvanlarda gizlənir.

Bankir atası da...

Qeyd edək ki, neçə illərdir Zal Yusifovun ahıl atası Zakir Yusifov da zərərçəkmişlərin pulunun qaytarılmasına mane olur.

Zakir Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib. O, şikayətində məhkəmə qərarı ilə müsadirə olunan əmlakların ona məxsus olduğunu iddia edib.

2011-ci ildə Zakir Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Zakir Yusifovun mülklərə iddiasını əsassız hesab edib.

Amma Zakir Yusifov çoxsaylı vətəndaşlara dəymiş ziyanın ödənilməməsində təkidlidir. Bu məqsədlə o, növbəti dəfə işin apelyasiya instansiyasında araşdırılmasına nail olub. Ali Məhkəmə Zakir Yusifovun iddiasını təmin edib, iş yenidən araşdırılmaq üçün apelyasiya instansiyasına qaytarıb.

Bu dəfə apelyasiya instansiyasında şikayətə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə Zakir Yusifovun bu qədər var-dövlətə, mülklərə hansı pullar hesabına yiyələnməsinin mənbəyi araşdırılıb.

Çıxılmaz vəziyyətə düşən Zakir Yusifov deyib ki, məhkəmənin qərarı ilə üzərinə həbs qoyulan “toy evi” (“Humay” şadlıq sarayı nəzərdə tutulur-red.) mənə məxsusdur, onu geri qaytarın. Həmin vaxt keçirilən prosesdə hakimlərdən biri şadlıq sarayını əldə etməsi üçün maliyyə vəsaitini haradan alması ilə maraqlanıb.

70 yaşlı kişi məhkəmədə fikrini belə əsaslandırıb ki, illər boyu vəzifələrdə işləyib, Göyçə mahalında kəndxuda (yəqin kənd sovetinin, yaxud kolxozun sədri demək istəyib-red.) olub, maliyyə idarələrində işləyib. O, “kəndxuda” işlədiyi illərdə qazandığı pullarla Bakının mərkəzində, daha doğrusu, istirahət parkında yer əldə edib və özünə böyük bir şadlıq sarayı tikib(?).

Məhkəmə dələduz bankirin ahıl atasının bu cəfəng fikirlərinə müsbət cavab verməyib. Ağlı başında olan hər adam bilir ki, sovet dövründə bu qədər pula yiyələnmək mümkün deyil. Kiçik bir kənddə icra nümayəndəsinin və yaxud maliyyə idarəsində işləyən məmurun bu qədər pul qazanması mümkünsüzdür.

Buna görə də hakim kollegiyası ikinci dəfə dələduz bankirin ahıl atasını haqsız çıxarıb və onun şikayətini təmin etməyib.

Üçüncü və dördüncü yalan

Gözləri var-dövlətdən savayı heç nə görməyən ahıl kişi yenidən məhkəmə qərarından kasasiya şikayəti verir. Ali Məhkəmədə Zakir Yusifov bu dəfə də işin öz xeyrinə qərar çıxarılmasına nail olur. Ali Məhkəmə iş materiallarını növbəti dəfə apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edir.

Apelyasiya instansiyasında Zakir Yusifovun şikayətinə hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılır. Hər yerdən əli üzülən bankir atası bu dəfə məhkəməyə ödədiyi kommunal xərclərin qəbzlərini təqdim edir. Amma hakim heyəti dələduz bankirin ahıl atasının bu ağla sığmayan iddiasını qəbul etmir.

Bütün vasitələrə əl atan ahil kişi var gücü ilə mülklərə qeyri-qanuni yollarla sahiblənmək istəyir. Belə addım atmaqla Zakir Yusifov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə mane olur və dolayısı yolla dələduz oğlunun törətdiyi əməllərə şərik çıxır.

İllər əvvəl Zal Yusifov tərəfindən aldadılan vətəndaşlar növbəti dəfə onun ahıl atasının əməlləri ilə üzləşirlər.

Zakir Yusifov növbəti dəfə və yenə Ali Məhkəmədə işin öz xeyrinə həllinə nail olur.

Dövlət qurumu ahıl kişini haqsız çıxardı

Zal Yusifovun atası Ali Məhkəməyə ünvanladığı şikayət ərizəsində iddia edib ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunması üçün üzərinə həbs qoyulan “Humay” şadlıq sarayı və mülklər oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Ali Məhkəmə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilir. Qərarda göstərilir ki, əmlakların kimə məxsus olması üçün müvafiq qurumlara sorğu göndərilsin.

Bu dəfə Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrlik etdiyi prosesdə mülklərin kimə məxsus olması ilə bağlı müvafiq quruma sorğu göndərilir. Məhkəmənin aldığı sorğulardan məlum olur ki, bütün mülklər, obyektlər Zal Yusifova məxsusdur.

Dövlət qurumlarının cavabı açıqlananda Zakir Yusifov məhkəmədə möhkəm qeyzlənir. O, zərərçəkmişlərə hücum çəkərək bildirir ki, həmin mülklər oğlunun yox, onun özünündür. Yenə də “kəndxuda” işlədiyi dövrlərə qayıdan ahıl kişi iddia edir ki, guya həmin mülkləri Ermənistanda kiçik bir kənddə işlədiyi dövrdə yığdığı pullar hesabına tikib.

Zakir Yusifovun bu açıqlaması zərərçəkmişlər tərəfindən ciddi etirazla qarşılanır. Zərərçəkmişlər bildirirlər ki, 90 manat əməkhaqqı ilə bu qədər var-dövlət əldə edilə bilməz.

Amma ahıl kişi zərərçəkmişlərə bildirir ki, nə olur-olsun bu mülklərə sahib çıxmağa nail olacaq...

Zakir Yusifov yenidən bu istəyini reallaşdırmağa çalışır. Ötən ayın əvvəlində zərərçəkmişlərin xeyrinə çıxarılan qərardan narazı qalan dələduz bankirin atası kasasiya şikayəti hazırlayıb. Artıq o, həmin kasasiya şikayətini apelyasiya instansiyasında işə baxan hakimə təqdim edib.

Bütün proses boyu hər kəs çalışır ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilsin. Zal Yusifov və onun ahıl atası isə bunun əksinə, yəni dəymiş ziyanının ödənilməməsi üçün bütün vasitələrdən yararlanırlar.

Beləliklə, dələduz bankir və onun şəriki olan atası bir qrup vətəndaşı çıxılmaz vəziyyətə salıb.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər