Sumqayıt Apelyasiya Məhkəməsində “İynə” aylıq satirik jurnalının təsisçisi və baş redaktoru Baloğlan Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, “İynə” jurnalının təsisçisi və baş redaktoru Baloğlan Mirzəliyev 8 iyun 2013-cü ildə saat 01.00-da Mübariz Ramazanovun işlətdiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Turov” kafesinə gəlib.
O, kafe sahibini qadınları fahişəliyə cəlb etdiyi üçün barəsində rüsvayçı məlumatlar yazıb yayacağı və kafenin fəaliyyətini dayandıracağı ilə hədələyib. Bu məlumatların yazılmaması üçün Mübariz Ramazanovdan 500 manat pul tələb edib.
Baloğlan Mirzəliyev Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Baloğlan Mirzəliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, iki il sınaq müddəti olmaqla 2 il 8 ay 10 gün müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq Baloğlan Mirzəliyevin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Prokurorluğun protestinə bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.
Hakim kollegiyası prokurorluğun protestini təmin etməyib.
Amma prokurorluq Baloğlan Mirzəliyevin cəzasının ağırlaşdırılması üçün kasasiya protesti verib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Cinayət işi üzrə materiallar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Bu dəfə apelyasiya protesti hakim Fərmayıl Zeynalının sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim heyəti prokurorluğun protestini təmin edib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ləğv olunub və yeni hökm çıxarılıb.
Hökmə əsasən, Baloğlan Mirzəliyev 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbsə alınıb.
Hacı Zeynalov