13 Aprel 2016 13:28
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səbail rayon Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə mərhum jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib.

Daha sonra Cavid Hüseynov bildirib ki, Rasimlə normal danışıb, bir-birini anlayıblar. Sonra hakim bildirib ki, iş üzrə 4 nəfər şahid məhkəməyə gəlməyib. Cavid Hüseynovun vəkili Adəm Məmmədov həmin şahidlərin məcburi qaydada məhkəməyə gətitrilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib.

Proses aprelin 27-də davam edəcək.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: