Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən, 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən ötən məhkəmə prosesində Xalidə İsgəndərovanın ibtidai istintaqa şahid qismində verdiyi ifadəsini elan edilib. Bu gün keçirilən prosesdə isə Xalidə İsgəndərovanın əvvəlcə şübhəli şəxs qismində, daha sonra təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Xalidə İsgəndərova həmin ifadələrində qızı Bülbülün avqustun 29-da toy mərasiminin keçirilməsindən, sentyabrın 1-də isə əri Füzuli İsgəndərovun bir nəfər cavan oğlan tərəfindən bıçaqlanaraq öldürülməsindən danışıb. O, bildirib ki, həmin olayla bağlı hadisənin şahidi olub.
Xalidə İsgəndərova şübhəli şəxs qismində ifadə verərkən bildirib ki, hadisədən əvvəl həyətlərində şübhəli adamın olmasını görməyib. O, qeyd edib ki, hadisə zaman evin zirzəmisindən səs-küy gəlib: “Zirzəmiyə düşəndən ərimin döş qəfəsindən qan gəldiyini gördüm. Bu zaman qızım Əmanə də aşağı gəldi. Həmin cavan oğlan qızımın üstünə cumdu. Onun ayaqlarından öpdüm ki, qızıma əl vurmasın”.
“Məqsədi Füzulini öldürüb, əmlakını talamaq olub”
Xalidə İsgəndərova daha sonra ifadəsində həmin cavan oğlanın onları evə aparması, qanlı bıçağı hamamda yuması və qızıl və pulları götürərək evdən getməsindən danışıb: “Həmin vaxt cinayəti tək həmin oğlan törədə bilməzdi. Ona kömək edən daha bir nəfər də olub. Cinayəti iki nəfər törədib. Mən ərimin öldürülməsində baldızımın həyat yoldaşı Mahirdən şübhələnirəm. Çünki həmin gün Mahir meyitə yaxın gəlmədi. Guya qandan qorxduğunu bildirdi. Mahirin məqsədi Füzulini öldürüb, əmlakını talamaq olub”.
Xalidə İsgəndərova əlavə edib ki, Füzuli qapalı adam olub. Onun ifadəsinə görə, Füzulinin evi və digər mülklər alması barədə heç kimə danışmayıb. O, qeyd edib ki, Füzulinin Xətai və Səbail rayonunda iki otaqlı evləri, Sabunçu və Şamaxı rayonunda isə torpaq sahələri olub. Onun sözlərinə görə, həmin mülklərin bir qismi baldızlarının, onların həyat yoldaşlarının və Füzulinin ögey anası Qızılgülün adına sənədləşdirilib.
Xalidə İsgəndərova təqsirləndirilən şəxs qismində ifadə verən zaman özünün təqsirli bilməyib, cinayəti törətmədiyini deyib. Amma onun bu ziddiyyətli ifadələrini qızı Əmanə İsgəndərova üzə çıxarıb. Əmanə İsgəndərova istintaqa verdiyi ifadəsində atasının anası tərəfindən öldürüldüyünü deyib.
“Oğlumun Xalidə tərəfindən öldürüldüyünü bildirmişəm”
Daha sonra prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Xalıqverdi İsgəndərov ifadə verib. O, bildirib ki, mərhum Füzuli onun doğma oğludur: “Oğlum 1992-ci ildə Xalidə ilə ailə həyatı qurub. Onların 1994-cü il qızları Bülbül, 2001-ci ildə isə Əmanə dünyaya gəlib. 2014-cü ilin sentyabrın 1-də Füzulinin bıçaqlandığı xəbərini eşitdik və təcili olaraq ora yollandıq. Hadisənin baş verməsini Xalidədən soruşdum. Xalidə bildirdi ki, guya evə oğru girib və Füzulini bıçaqlayıb. Amma Xalidənin bu dediklərinə inanmadım. İlk gündən oğlumun Xalidə tərəfindən öldürüldüyünü bildirmişəm”.
Xalıqverdi İsgəndərovun sözlərinə görə, gəlini Xalidənin qəddar olduğunu bilib: “İlk gündən gəlinim olsa da, onun nə qədər qəddar qadın olduğunu anlamışam. Xalidə Füzuliyə dəfələrlə xəsarət yetirib. Onların evlilikləri boşanma həddinə də çatıb. Amma Füzuli Xalidədən ayrılmayıb. Füzuli Xalidədən həmişə qorxurdu. Xalidə həmişə deyirdi ki, axırı Füzuli əlimdə öləcək. Onun dilindən bu sözü yüz dəfə eşitmişəm”.
“Dedi ki, baba, atamı anam öldürüb”
Zərərçəkmiş əlavə edib ki, oğlunun 8 ay davam edən istintaqı zamanı Xalidənin cinayətkar olduğunu bildirib: “8 aydan sonra haqq-ədalət yerini tapdı. İstintaq müəyyən edə bildi ki, oğlumu Xalidə qətlə yetirib”.
Xalıqverdi İsgəndərov bildirib ki, 2015-ci ilin avqustunda oğlunun Qara Qarayev prospektində yerləşən obyektində nəvələri Bülbül və Əmanə ilə rastlaşıb: “Həmin vaxt Əmanə mənə dedi ki, baba, atamı anam öldürüb. Əmanə əlavə etdi ki, atam ilə anam axşamdan mübahisə ediblər. Mübahisə də Xalidənin xəstə anası ilə bağlı olub. Xalidə məcbur edib ki, gecə anasının yanına getsinlər, Füzuli də yorğun olduğunu, səhər getməyi təklif edib. Bu səbəbdən onların axşamdan mübahisələri olub. Əmanə hadisənin şahidi olub. Anası öyrədib ki, bu cinayət baş verdi, səni də həbs edəcəklər. buna görə də Əmanə qorxusundan hadisəni olduğu kimi danışmayıb”.
Zərərçəkmiş əlavə edib ki, Xalidəni Türkiyədə olan qardaşı İlyas müdafiə edib və onu öyrədərək cinayətdən yayındırıb: “Hadisədən sonra Xalidənin qardaşı tələb edib ki, bütün mülkləri bacısının adına keçirsinlər. Mən də dedim ki, oğlumun qanı alınandan sonra belə işlər olacaq. Onların məqsədi mülkləri ələ keçirmək olub.
Xalidə oğlumun evində yas mərasimi keçirməyə belə qoymayıb. Məcbur olub küçədə çadır qurduq, yas qazanları küçədə asıldı. Bu gəlinim imkan vermədi ki, oğlumun yasına verilən ehsan ocağı həyətində qurulsun, tüstü həyətindən çıxsın, ruhi şad olsun. Xalidənin ağır cəzalandırılmasını, onu müdafiə edən qardaşı İlyasın isə məsuliyyətə cəlb edilməsini istəyirəm. Oğlumun yanında özüm də dəfn olunacam. Onun qısasını alçam, oğlumun qanı yerdə qalan deyil”.
Məhkəmə iclası aprelin 19-da davam edəcək.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.
Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir. Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş.
Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Xatırladaq ki, qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş.
Hacı Zeynalov