Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Kərimov, Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Şahin Muradov və Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü Tacir Rəhimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Asdan Kərimov 4 il, Şahin Muradov 8 il 6 ay və Tacir Rəhimov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Tacir Rəhimov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 2015-ci il sentyabr ayının 14-də saat 01:00 radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə təqsirli bilinən Asdan Kərimov, Şahin Muradov, Tacir Rəhimov həbs ediliblər.
Hacı Zeynalov