Bərdə rayon sakini, 1971-ci il təvəllüdlü Ruslan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Ruslan Abbasov 21 iyun 2015-ci il tarixdə, saat 22 radələrində Bərdə rayonunun Nəcəfqulubəyli kəndində Ağdam rayon köçkünü Rafiq Abbasov ilə dalaşıb. Hadisə qısqanclıq zəminində baş verib.
Ruslan Abbasov Rafiq Abbasovu döyərək, ona çoxsaylı bədən xəsarətləri yetirib. Rafiq Abbasov hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi yardım alıb.
Teleqraf.com xəbər verir ki, Ruslan Abbasov Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Cinayət işi Bərdə Rayon Məhkəməsində araşdırılıb.
Ruslan Abbasov bildirib ki, Rafiq Abbasovu 20 ilə yaxındır ki, tanıyıb və dostluq edib: “2002-ci ilin yanvar ayında gecə saat 22 radələrində bacım Səmayə Rafiqin həyat yoldaşım Mahirə (Ruslan Abbasovun bacısı və həyat yoldaşının adı şərti göstərilib – H.Z) ilə birlikdə həyətimizdə oturduğunu görüb və bunu mənə deyib. Həmin vaxt Rafiqə bu barədə bildirəndə o, müxtəlif bəhanələr gətirdi. Bundan sonra 2014-cü ilin avqust ayında Rafiq evimizin yaxınlığından həyətimizə işıq salıb. Bu zaman qardaşım Müseyib Rafiqi tənbeh edib.
“Həyətimdən qaçdığını gördüm”
Ruslan Abbasovun sözlərinə görə, Rafiqin həyətlərinə işıq salmasından sonra onda qısqanclıq hissi yaranıb: “Buna görə də Rafiqi ifşa etmək qərarına gəldim. Odur ki, sayıqlığımı artırdım. 21 iyun 2015-ci il tarixdə saat 22 radələrində bacım oğlu Məhəmməd mənə zəng vuraraq, tez evə gəlməyimi istədi. Həmin vaxt özümə məxsus “VAZ-2106” markalı avtomobillə evə gəldim. Bu zaman Rafiqin həyətimizdən çıxaraq əkin sahəsinin kənarı ilə qaçdığını gördüm”.
“Rafiqi təpiklədim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Rafiqin arxasınca qaçıb və kanalın kənarında onu tutub: “Rafiqdən nə səbəbə həyətimdə gəzməsini soruşdum. Əsəbləşdiyimdən özünü saxlaya bilmədim və onu gözünün altından, baş nahiyəsindən yumruqla vurdum. Bundan sonra Rafiqi təpiklədim. Yenə də Rafiqdən gecə vaxtı həyətimdə nə səbəbə gəzməsini soruşdum. Rafiq də həmkəndlisi Mustafagilə getdiyini bildirdi. Mustafagilə yolun həmin yerdən keçmədiyini, Rafiqin yalan danışdığı söylədim. Bundan sonra bacım Validə və Validənin oğlu Məhəmməd həmin yerə gəldilər. Mən Rafiqi həyətimə gətirdim. Əmim oğlanları Firuz, İlkin, Vahid də ora gəldilər. Onlar Rafiqi döyməyə qoymadılar”.
“Ruslanın həyat yoldaşı ilə əlaqəm olmayıb”
Zərər çəkmiş Rafiq Abbasov ifadəsində bildirib ki, həmin gün saat 22 radələrində həmkəndlisi Elnurun evinə gedərkən Ruslangilin evinin yanından keçib: “Bu zaman Ruslan yaxınlaşaraq hara getdiyimi soruşdu. Mən isə Ruslana cavab vermədim. O, üstümə hücum edərək məni döyməyə başladı. Bu zaman ora Firuz, İlkin və Valid gələrək məni döyməyə qoymadılar. Bundan sonra Vahid polisə zəng etdi. Həmin yerə polis işçiləri Cahid və Rəşad gələrək məni əvvəlcə polis şöbəsinə, sonra isə xəstəxanaya apardılar. Ruslanın həyat yoldaşı Mahirə ilə heç bir əlaqəm olmayıb, hadisə günü Ruslanın həyətinə girməmişəm”.
Cəza
Məhkəmənin hökmü ilə Ruslan Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib. Ruslan Abbasovun başqa yerə getməmək barədə qəti imkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Məhkəmənin hökmünə əsasən onun cəza çəkmə müddətinin əvvəl 2015-ci ilin dekabrın 29-dan hesablanıb.
Hökmdən narazı qalan Ruslan Abbasov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ruslan Abbasovun apelyasiya şikayəti təmin edilib və onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Şərti cəza alan Ruslan Abbasov azadlığa buraxılıb.
Hacı Zeynalov