25 Aprel 2016 12:15
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində iş adamını öldürməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun apelyasiya şikayəti üzrə yeni məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Rövşən Rüstəmov aldığı güllə yarasından ölüb.

Nadir Orucov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Orucov 14 il 6 ay azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verərək cəzasını yüngülləşdirilməsini istəyib.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Nadir Orucovun barəsində olan hökm ləğv edilib və yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Nadir Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə bəraət verilib. Məhkəmə Nadir Orucovu Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə təqsirli bilinib və qəti 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Baş prokurorluq həmin qərardan kasasiya protesti verib və Nadir Orucovun cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun protestinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar elan edilib.

Bu səbəbdən cinayət işi üzrə materiallar yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rizvan Səfərovun icraatına verilib.

Nadir Orucovun apelyasiya şikayəti üzrə ilkin dinləmə olub və məhkəmə baxışı aprelin 27-nə təyin edilib.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizədliyini irəli sürüb.

Hacı Zeynalov


Müəllif: