14 May 2016 10:00
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevdiyi qızı - Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci təvəllüdlü İzzət Hüseynovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin aprelin 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan narazılıq zəminində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İzzət Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Həmçinin Aytac Babayevanın anası Gözəl Babayeva qızını öldürən İzzət Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsi barədə də apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Əmir Bayramovun icraatında apelyasiya şikayətləri araşdırılmağa başlayıb. Bir müddət əvvəl keçirilən ilkin baxış iclasının qərarından İzzət Hüseynovun vəkili kasasiya şikayəti verib.

Müdafiəçi ilkin baxış iclasının qərarının ləğv edilməsini, apelyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Həmin şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Bu günlərdə Ali Məhkəmə kasasiya şikayəti üzrə qərar elan edib. Qərara görə, İzzət Hüseynovun vəkilinin şikayəti təmin edilməyib. Hakim Əmir Bayramovun sədrlik etdiyi ilkin baxış iclasının qərarı qüvvədə saxlanılıb və işin yenidən apelyasiya instansiyasında məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb.

İş materialları yenidən apelyasiya instansiyasına göndərilib və apelyasiya şikayəti hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada baxılacaq.

Məhkəmə baxışı mayın 17-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər