Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.
əvvəli bu linklərdə:
http://teleqraf.com/news/97838
http://teleqraf.com/news/97975
http://teleqraf.com/news/98107
http://teleqraf.com/news/98340
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal Mustafayev bildirib ki, 2012-ci ilin mayında Şəki şəhərində olarkən internet vasitəsilə Sevinc Şirəliyeva ilə tanış olub: “Bundan sonra mütəmadi olaraq telefonda Sevinclə danışmışam. 2012-ci ilin sentyabrında Bakı şəhərinə gəlmişəm. Nərimanov rayonu ərazisində yerləşən Çin restoranının yaxınlığında Sevincin kirayədə qaldığı və ünvanını dəqiq xatırlmadığım mənzildə onunla görüşmüşəm”.
“Sevincin pis yollardan çəkinməsinə səbəb oldum”
Vüsal Mustafayevin sözlərinə görə, Sevinclə dostluq münasibəti saxlayıb: “Tanış olandan sonra Sevinc Rusiya Federasiyasının Nijnıy Novqorod şəhərində yaşayan əri Oruc Şirəliyev ilə münasibətlərində soyuqluq olmasını, Orucun hər ildə bir dəfə Şəki şəhərinə gəlib-getdiyini, özünün isə imkansız olduğu üçün Şəki şəhərində evi ola-ola işləmək üçün Bakı şəhərinə gəldiyini deyib. Sevincə ürək-dirək verərək pis yollardan çəkinməsinə səbəb oldum. Buna görə də aramızda səmimi münasibət yaranıb. Sevinc ərindən çox mənə inanıb. Sevincin 21 yaşlı oğlu Bürhan atasının yanında yaşayıb qiyabi ali təhsil alıb, 14 yaşlı oğlu Mərdan isə Şəki şəhərindəki evlərində yaşayıb”.
“Sevinci küçəyə atacağını dedi”
Təqsirləndirilən şəxs qeyd edib ki, çoxsaylı təkidlərindən sonra Sevinc 2013-cü ilin fevral ayının əvvəllərində onunla birlikdə yaşamaq üçün Şəki şəhərinə qayıdıb, oğlu Bürhana onu iş yoldaşı kimi təqdim edib: “Oruc da telefon danışıqları yolu ilə məni Bürhanın dostu kimi tanıyıb”.
Vüsal Mustafayev bildirib ki, 2013-cü ilin mart ayının əvvəllərində Oruc Şəki şəhərinə gəlib: “Bu zaman Oruc mənimlə görüşdü və birlikdə Şəki rayon polisinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinə Oruca şəxsiyyət vəsiqəsi almağa getdik. Lakin Oruc Rusiya vətəndaşı olduğu üçün ona şəxsiyyət vəsiqəsi verilmədi, Oruc isə şəxsiyyət vəsiqəsini Sevincdən boşanmaq üçün almaq istədiyini dedi, hətta arvadının başqası ilə cinsi əlaqədə olarkən görüntülənməsi müqabilində 5.000 dollar pul verəcəyini, Sevinclə boşanacağını və onu hər şeydən, o cümlədən övladlarından da məhrum edərək küçələrə atacağını bildirdi”.
“Oruca şərəfsiz və biqeyrət olduğunu deyərək həyətdən çıxdım”
Onun sözlərinə görə, Oruc Şəki şəhəri, Şərbablar küçəsində yerləşən həyətində yeni ev tikmək üçün Şəki şəhərindən ustalar tapıb: “2013-cü ilin mart ayının ortalarında Sevinc mənə zəng vuraraq həyətdə ustaların ona baxdıqlarını dedi. Mən də Bürhana zəng edərək ustaların Sevincə pis gözlə baxmamalarını atasına deməyi tapşırdım. Bununla belə, özüm də Sevincin yaşadığı evə gələrək ustaların yanına getdim. Onlara belə hərəkət etməməyi tapşırdım. Bu zaman yaxınlıqda olan Oruc sözlərimi eşidərək yaxınlaşdı və nə üçün ustalarla belə danışdığımın səbəbləri ilə maraqlandı. O, ustalarla özü bu barədə danışacağını bildirdi. Həyət darvazasından çıxarkən Orucun ustalara “işinizlə məşğul olun, aravadıma baxıbsınız da, ona başqa şey etməyibsiniz ki?” dediyini eşitdim. Bu zaman Oruca şərəfsiz və biqeyrət olduğunu deyərək həyətdən çıxdım”.
“Orucu öldürtdürmək üçün muzdlu qatil tapmaq qərarına gəldim”
Vüsal Mustafayev bildirib ki, Oruc bu hərəkətləri ilə ailəsinə qarşı haqsız və ədalətsiz mövqe tutub: “Oruc ailəsini saymayıb, onlara hörmət etməyib. Orucun bişərəf və qeyrətsiz olması, pulu hər şeydən üstün tutması məni hiddətləndirib. Buna görə də Orucu Rusiyada öldürtdürmək üçün muzdlu qatil tapmaq qərarına gəldim. Bunun üçün çoxdan bəri yaxın münasibət saxladığım və keçmiş asfalt zavodunun həyətində çayxana işlədən dostum İqbal Cumayevə müraciət etdim. Həmin çayxanada İqbaldan sadaladığım keyfiyyətlərə malik olan bir şəxs tapmasını xahiş etdim. Lakin həmin şəxsi nə üçün axtardığımı İqbala bildirməmişəm. 3-4 gündən sonra İqbal öz çayxanasında məni Şəki şəhərinin “Dodu” məhəlləsində yaşayan və “Edik” kimi tanınan orta məktəb yoldaşı Elçinlə tanış etdi”.
“10000 ABŞ dolları məbləğində pul verəcəyimi vəd etdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Elçinin dili qüsurlu olan uşağının müalicəsinə 6 min manat lazım olduğunu da öyrənib: “Daha sonra Elçinlə birlikdə İqbaldan ayrılaraq çayxananın yaxınlığında “Nadir dayının kürəsi” kimi tanınan yerə gəldik. Təxminən 30 dəqiqə ərzində Elçinlə söhbət etdik. Həmin vaxt Şəkidə olan Oruc Şirəliyevin qeyrətsiz və ədalətsiz hərəkətləri barədə danışaraq onu yaşadığı Nijnıy Novqorod şəhərində öldürməyi Elçinə sifariş verdim. Bunun müqabilində Elçinə 40 mərasimindən sonra 10000 ABŞ dolları məbləğində pul verəcəyimi vəd etdim. Həmin məbləğdə pulu qətlin icrasından sonra bir bəhanə ilə Sevincdən götürməyi nəzərdə tutdum. Əvvəlcə Sevincə ərinin qətlini sifariş verdiyimi bildirməmişəm, sadəcə olaraq ondan əri Orucun nə vaxt Rusiyaya qayıdacağını soruşmuşam və 2013-cü ilin aprel ayında Orucun Rusiyaya gedəcəyini, Bürhanın Azərbaycana gələcəyini öyrəndim. Həm də Orucdan əvvəl Elçini Nijnıy Novqoroda göndərməli olduğum üçün Sevincdən ərinin getmə tarixi barədə 2-3 gün əvvəl xəbər verməyi xahiş etdim”.
Vüsal Mustafayev bildirib ki, 2013-cü ilin aprel ayının əvvəllərində Sevinc ona zəng edərək ərinin 2-3 gün sonra avtobusla Bakı şəhərinə və oradan da Nijnıy Novqorod şəhərinə gedəcəyini bildirib: “Əvvəllər Sevincin iştirakı ilə etdiyim söhbətlərdə Bürhan da atasının biqeyrət və şərəfsiz olduğunu etiraf edib və öldürülməsinə razılıq verdiyi üçün dərhal Bürhanın Nijnıy Novqorod şəhərində istifadə etdiyi mobil telefon nömrəsinə zəng etdim, atasının işini bitirmək üçün Elçin adlı şəxsi ora göndərdiyimi dedim. Ona Elçini qarşılayaraq yerləşdirməyi tapşırdım. Bundan sonra Şəki şəhərinin avtovağzalında olan aviakassadan Elçin üçün 300 ABŞ dollarına Qəbələ-Moskva təyyarə reysinə bilet aldım və əlavə olaraq xərclik üçün 500 ABŞ dolları da verdim”.
“Bizi Şəki şəhərinə çağırdı”
Vüsal Mustafayev qeyd edib ki, Elçini Nijnıy Novqorod şəhərində Bürhan qarşılayıb, 2-3 gündən sonra Oruc da Rusiyaya yola düşüb: “Eyni zamanda Bürhan Azərbaycana gələrək Bakıdan mənə zəng vurub. Buna görə də Bakıya gələrək metronun “20 yanvar” stansiyasının yaxınlığında Bürhanla görüşdüm. 2 gecə Bakıda qaldıq. Bürhan həmçinin, “Narınqala” restoranının qarşısında yerləşən avtomobil salonundan özünə 5000 ABŞ dollarına VAZ-2107 markalı avtomaşın aldı. Bürhana avtomaşını aldığımız gün saat 22-23 radələrində Sevinc zəng vuraraq Orucun Nijnıy Novqorod şəhərində bıçaqlandığını, ölümcül halda xəstəxanada olduğunu dedi və bizi Şəki şəhərinə çağırdı. Həmin gecə Bürhanla aldığımız avtomaşınla Şəkiyə gəldik”.
Vüsal Mustafayev bildirib ki, Sevincə Moskva şəhərində yaşayan baldızı zəng edib və Orucun aldığı xəsarətlərdən xəstəxanada öldüyünü deyib: “Daha sonra Orucun meyiti Şəki şəhərinə gətirilərək dəfn edilib, yas mərasimi verilərkən Sevincin yaşadığı evin həyətində Orucun adına olan iki ədəd Qazel markalı avtomaşın yer tutduğundan onları evakuatorla götürərək İqbalın çayxanasının arxasında olan boş ərazidə yerləşdirdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İqbal 1 il əvvəl özünə toy edəndən sonra ona 1000 manat borca pul verib. Onun sözlərinə görə, 2013-cü ilin avqust ayında İqbal 1000 manat borcun əvəzinə Sevinc Şirəliyevə məxsus Qazel markalı avtomaşınları istəyib: “Mən isə bunun mümkün olmadığını deyərək bir müddət keçdikdən sonra Sevincdən pul alıb birgə balıq təsərrüfatı yaratmağı və şərikli işlətməyi təklif etdim. İqbal bununla razılaşsa da, Orucun öldürülməsində məndən şübhələndiyini dedi. Mən də olanları İqbala danışdım”.
(Ardı var)
Hacı Zeynalov