Sumqayıt Apelyasiya Məhkəməsində qayınana və qayınatasını öldürməkdə təqsirli bilinən Bayram Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə 2015-ci ilin yanvarın 2-də, Abşeron rayonu Novxanı bağlar massivində baş verib. Hadisə zamanı 36 aşlı Bayram Həsənov qaynanası Rəfiqə və qaynatası Nəzər Hüseynovları həyatdan məhrum edib.
Bayram Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib. Burada onlar arasında mübahisə baş verib. Mübahisə zamanı Bayram özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qaynanası və qaynatasını öldürüb. Bayram Həsənov hadisəni törədəndən sonra qaçıb. Amma çox uzağa gedə bilməyib. Abşeron polisi onu Binəqədi rayonu ərazisində saxlayıb.
İlkin ifadəsində Bayram deyib ki, 3 ilə yaxındır ailəsində problemlər var. Bir neçə gün əvvəl isə Bayramın 7 il birlikdə yaşadığı həyat yoldaşı Gülnar Həsənova azyaşlı qızlarını da götürərək ata evinə gedib.
Bundan sonra isə münasibətlər daha da gərginləşib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarının evinə gələn Bayram burada onlarla mübahisə edib. Mübahisə zəminində əvvəl havaya atəş açan Bayram Həsənov daha sonra ardıcıl olaraq əvvəl qaynanasını, sonra da qaynatasını odlu silahla qətlə yetirib. Polis Bayramı saxladıqdan sonra cinayətdə istifadə edilən ov tüfəngini də aşkar edib.
Bayram Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.5-ci tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Həsənov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bayram Həsənov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.
Hakim İlham Həsənovun sədrliyim ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Bayram Həsənovun barəsində yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Bayram Həsənovun əməlində ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.5, 29,120.2.7-ci maddələrinin tərkibinin olmaması nəticəsinə gəlinib və həmin maddələr üzrə ona bəraət verilib.
Həmçinin Bayram Həsənova Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi artıq verilmiş ittiham kimi nəzərə alınıb və həmin maddə ittihamdan xaric edilib.
Hakimlər Bayram Həsənovu Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 228.1 və 229.1-ci maddələri ilə təqsirli biliblər və ona 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov