Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Qoşun Rəhimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası iyunun 8-də davam edəcək.
İttihama görə, 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.
Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimovun cəmiyyət tərəfindən Yasamal rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə onlara 305 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Ümumilikdə cinayət işi üzrə 29 nəfər zərərçəkmiş olub. Vətəndaşlar “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARI-N”MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir.
Bu şirkətin direktoru isə İmran Axundovdur. O, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır.
Hacı Zeynalov