Burada Əsəd lüləyə qoyulmuş güllə, Rusiya və İran hədəfdir. Amerika Əsəd üzərindən Suriyada faktiki güc sahibinə çevrilən bu iki ölkəyə qarşı hücuma keçir. Ardınca Uzaq Asiyada Şimali Koreya təhlükəsini bütün dünyanın gözünə soxur və hərbi donanmanı Koreya yarımadasının sahillərinə yerləşdirir. Müharibə bəyanatları havada dolanır, ortada heç bir ciddi addım olmamasına rəğmən, döyüş atmosferi yaradılır.
Trampın son addımlarının əsas mesajı budur: Amerika dünyanın siyasi arenasına yenidən böyük güc olaraq qayıdır.
Və hər şeyin Yaxın Şərqdən başlayacağı gözlənilən idi. Suriyanın müharibə müstəvisində maraqlar mənzərəsi olduqca qarışıqdır:
Rusiya və İran Əsəd cəbhəsində Amerikanın regiona tam müdaxiləsinə qarşı çıxır; Amerika Körfəz ölkələri ilə eyni cəbhədən əks tərəfə hücum edir; Türkiyə Amerika cəbhəsinə yaxın görünsə də, hələki gözləmə mövqeyinə üstünlük verir; Çin ABŞ-ın regionda möhkəmlənməsinə qarşı çıxsa da, Rusiyanın da hakim mövqeyə malik olmasını istəmir və daha çox oyunu izləməyə üstünlük verən tamaşaçını xatırladır.
Bu mənzərədə Obama administrasiyasının müharibə meydanından qaçma siyasəti tərəzinin Rusiya və İran gözünün ağırlaşmasına səbəb olmuşdu. Faktiki olaraq, Rusiya Əsədin müdafiəçisi kimi Suriyada hakim rolunda çıxış edir. Və Tramp Ağ Evə köçməsinin 66-cı günündə Suriyanı bomblayaraq, Amerikanın müharibə meydanına qayıtdığını elan edir. O Tramp ki, seçkiöncəsi kampaniyasında loyal siyasət yürüdəcəyinə, Rusiya ilə münasibətləri inkişaf etdirəcəyinə, Suriya böhranını danışıqlar yolu ilə həll edəcəyinə söz vermişdi. Ağ Evə köçəndən sonra Trampın atdığı addımlar onun da digər siyasətçilər kimi seçki vədləri üzərindən kampaniya apardığını açıq şəkildə göstərirdi. Lakin ABŞ-ın Suriyaya qayıdışına - özü də bu qayıdış tam haqlı olmalı idi, əks təqdirdə, Obama dönəmində etibarsızlıq ittihamlarına tuş gələn, “güclü və həmişə ədalətin tərəfində yer alan” Amerikanın müdaxiləçi obrazı yenidən canlanacaqdı – ciddi və olduqca güclü əsas olmalı idi. Və burada Corc Buşun İraqa müdaxiləsi yada düşür. Oğul Buş seçki kampaniyasında “övladlarımız başqa torpaqlarda gedən müharibədə ölməyəcək” vədini vermişdi, daha sonra 11 sentyabr hadisəsi Şərq ekspadisiyası üçün göydəndüşmə oldu və Səddamın olmayan kütləvi qırğın silahı amerikalıların bölgəyə girişini təmin etdi.
İraq ssenarisi?!: Əsədin İdlibə kimyəvi silah atması 2003-cü ildə Səddam Hüseynin “kimyəvi silaha malik olması” ssenarisi ilə nədənsə çox oxşardı. Məsələ burada Əsədin, yaxud Rusiyanın dağıdıcı siyasətinin haqlı olması deyil. Biz heç Əsədin kimyəvi silaha malik olmadığı fikrini də irəli sürmürük. Məsələ Rusiyanın kimyəvi silaha əl ataraq, bütün dünyanı qarşısına alması qədər ağılsız olmadığından gedir. Məlum idi ki, istənilən kimyəvi silahın atılması diqqəti Əsəd və Rusiyanın, eləcə də İranın üzərinə yönəldəcəkdi. Bunun İdlibdə baş isə dünyanın gözündə şübhə yeri qoymadı.
Çünki, İdlibin Suriya rejiminin hədəfində olduğu hələ Hələbin nəzarətə götürülməsi zamanı var idi. Hələbdəki müxaliflər və mülki əhali təxliyyə olunandan sonra, İdlibə axın etdi. Müxaliflərin əlində olan bu bölgə strateji baxımdan çox önəmlidir.
Əsədə görə, İdlibi almaq Türkiyənin, dolayısı ilə Amerikanın dəstəklədiyi müxalif qrupların son “qalası”nı ələ keçirmək və ölkəyə nəzarəti gücləndirmək deməkdir. Bununla yanaşı, İdlib Aralıq dənizinə açılan Lazkiyəyə yaxın bölgədir. Lazkiyəyə, Hələbə və Hamaya nəzarət edən rejim İdlibi ələ keçirməklə Aralıq dənizinin sahil xəttinə hakim olmaq istəyir. Rusiyanın əsas hədəfi də Aralıq dənizinin Suriyadakı sahil xəttinə nəzarət etməkdir.
Bu baxımdan, Rusiyanın dəstəyi ilə Əsədin İdlibə hücum edəcəyi gözlənilən idi. Hətta bir müddət öncə Rusiya mediası “İdlibdə terrorçular gizlənir” informasiya axınının istehsalını gücləndirərək, hücuma əsaslar da yaradırdı. Bütün bunların fonunda İdlibdə nəiki kimyəvi silah, ən kiçik bomba belə partlayarsa, bütün diqqət Əsədin və ona dəstək verənlərin üzərinə yönələcəkdi.
Bu baş verdi və hücumun kimin etməsindən asılı olmayaraq, Amerika ciddi əsaslar qazandı. Rusiya və İranın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının İdlibdə araşdırmalar aparmasını tələb etməsi də göstərir ki, Moskva və Tehran kimyəvi silahın rejim tərəfindən istifadə edilmədiyindən əmindir. Güman ki, İdlibdə heç bir araşdırma aparılmayacaq da. Çünki Amerikanın oyunu baş tutdu.
Amerikanın oyunu: Hər şeydən öncə Şayrat hərbi hava bazasına 53 raketin atılmasından sonra, hücumun ardının gəlməməsi, lakin müharibə atmosferinin qatılaşdırılması diqqət çəkir. Bu onu deməyə əsas verir ki, indiki məqamda ABŞ-ın hədəfi Suriyada aktiv müharibəyə qoşulmaq yox, kənardan bölgədəki gücləri – İran və Rusiyanı çətin vəziyyətə salmaqdır. Amerika olduqca sadə olan “Pis və Yaxşı” prinsip üzərindən hərəkət etdi. Burada “Pis” Əsəd rejimi və onu dəstəkləyənlər, “Yaxşı” ona qarşı çıxanlardır. Ya “Yaxşı”nın yanında olub dünyanın dəstəyini qazanacaqsan, ya da bunun əksi olacaq.
Və ruslar tələyə düşdü. İndi Rusiya ya Suriyadan geri çəkilməli, ya da “Pis”in yanında dayanaraq, dünyanı qarşısına almalıdır. Moskva ikincini istəmir, Suriyadan isə əliboş qayıtmaq niyyətində deyil. Halbuki, bütün bunlar baş verməmişdən öncə Amerika ilə razılığa gələ və oyundan uduşlu çıxa bilərdi.
Rusiya üçün Suriyada müharibəyə qoşulmaq Aralıq dənizinə çıxışı itirməmək, bölüşdürülən regiondan pay almaqla yanaşı, ABŞ-ı imperativ inzibati sərhədləri hesab etdiyi post-sovet məkanından uzaqlaşdırmaq məqsədinə də xidmət edirdi.
Amerikalılarla post-sovet məkanında yox, Yaxın Şərqdə üz-üzə gəlir; bu, ona post-sovet məkanında daha rahat hərəkət etmək imkanı qazandırır; Həmçinin, ABŞ-la bazarlıq masasında Yaxın Şərqi verib, iddia etdiyi MDB məkanını ala bilərdi.
İndi Rusiyaya “Suriyadan çıx” deyirlər. Moskva “qarşılığında nə qazanacam” deyə soruşanda cavab belə olur: “Səni “Pis” elan olunmayacaqsan”. Yəni rusların burada qazanacağı sadəcə “yaxşı ad” ola bilər. Bu, versiyanı gücləndirən məqamlardan biri G7 sammitində gözlənilənlərin əksinə olaraq, Rusiyaya qarşı sanksiyaların tətbiq olunmamısıdır. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson sammitdə Moskvaya qarşı sərt sanksiyaların tətbiq etmək təklifi ilə çıxış edəcəyini açıqlamşdı. Lakin sammitin yekun bəyannaməsində Rusiyanın Suriyadakı böhranı nizamlamaq və İŞİD-ə qarşı mübarizədə qalib gəlmək potensialı vurğulanır və “Biz Moskva ilə yenidən birgə əməkdaşlıqda maraqlıyıq” deyə qeyd olunurdu. Görünür, Amerika Rusiyaya qarşı sanksiyaların tətbiqini vacib hesab etmir, əksinə, bununla ruslara birgə əməkdaşlıq mesajını verir. Bu, ABŞ-ın Suriyada əsas hədəfinin heç də Rusiya olmadığını göstərir.
Çünki: Rusiya Yaxın Şərqdə qalıcı deyil; Moskvaya istədiyini verərək, anlaşmaq mümkündür.
Topun lüləsindəki ölkə İrandır: Tramp hakimiyyətə gələn kimi əsas hədəfinin Tehran olduğunu açıq şəkildə elan etdi. Bu, ilk növbədə İsrail xəttindən irəli gələn amildir və təsadüfi deyil ki, Trampın Ağ Evə gəlməsində yəhudi faktoru böyük rol oynadı. Burada Suriyada alt-üst olan “Böyük Yaxın Şərq” planının əsas elementlərindən birinin bölgədə İsrailin təhlükəsizliyini təmin etmək olduğu yada düşür. Təl-Əviv Tehranı özünün ən böyük düşməni hesab edir. Amerika Suriyanı bombalayanda İsrailin baş naziri Benyamin Netanyahu “İran və Şimali Koreya da bombalanmalıdır” açıqlamasını verdi. Bu, Trampa “İran mənim, Şimali Koreya sənin” mesajı idi. Təxminən 20 gün öncə Şayrat bazasından İsrail təyyarəsinin vurulması haqda məlumatların fonunda da bu bazanın bombalanması təsadüfə bənzəmir.
Suriya Rusiya ilə müqayisədə İran üçün “ölüm-qalım” məsələsi hesab oluna bilər. Təkcə 3 faktor bunu aydın şəkildə göstərir.
- Bu ölkə hər şeydən öncə Livandakı Hizbullahla əlaqənin yaradılması üçün Tehrana lazımdır. İraq-Suriya xətti hələ 1979-cu il İslam inqilabından başlayaraq, bu missiyanı yerinə yetirir.
- Suriyada Əsədin devrilməsi İranın bölgədə Səudiyyə Ərəbistanı ilə illərdir apardığı nüfuz savaşında məğlubiyyətinə bir addım yaxınlaşması deməkdir.
- Əsədin “vurulması” İranın ən böyük düşmən hesab etdiyi İsrail qazının Suriya üzərindən Türkiyəyə, oradan da Avropaya çıxışının təmin edilməsidir.
HAŞİYƏ: baş verən bütün oyunların arxasında enerji mübarizəsinin olduğu da unudulmamalıdır. Söhbət həm də Qətərin neft-qaz ehtiyatlarının Suriya üzərindən Türkiyəyə, oradan da Avropa bazarına çıxarılmasından gedir. Məsələyə enerji kontekstindən yaşanda mənzərə belə görünür:
Ankara: Əsədin israrla getməsini həm də buna görə tələb edir. Türkiyənin İranla toqquşmasının səbəblərindən biri də budur. Avropa qitəsinin enerji təminatında Türkiyə paylayıcı funksiyanı oynamaq istəyir. Hazırda Azərbaycan qazının daşınması layihəsinin başa çatmasına az qalıb. Rusiya qazının da Türkiyə torpaqlarından keçidi məsələsi müzakirə olunur. Qətər qazı üçün də marşrut olmaq istəyən Türkiyəyə Suriyada Əsədin yerinə razılaşa biləcəyi hakimiyyətin – yeni hakimiyyət İrandan uzaq durmalıdır – gəlməsi lazımdır.
Moskva: rusların Suriyaya girişi və Əsədə dəstək siyasətinin arxasında dayanan əsas faktorlardan biri də Qətərin karbohidrogen ehtiyatlarının Avropanın enerji bazarında ona rəqib olacağıdır.
Vaşinqton: amerikalılar bölgədəki ən yaxın müttəfiqlərindən olan Qətər enerjisini Avropaya çıxarmaqla həm də rus qazının yolunu kəsməyi planlaşdırırdılar.
Tehran: İran enerji məsələsində Suriya vasitəsilə Livana çəkmək istədiyi boru xəttini dərdindədir. Əsədin düşməsi həm də Tehranın anbarlarda dolub-daşan enerji ehtiyatının çıxarmaq istədiyi alternativ bazarların əlindən çıxması deməkdir. Bununla yanaşı, İranın perspektiv planlarında Körfəzdəki neft-qaz ehtiyatlarını İraq-Suriya-Aralıq dənizi xətti ilə Avropa bazarına çıxarmaq istəkləri də var.
Suriya müharibəsinin enerji baxımdan digər amili da diqqətdən qaçmır. 2013-cü ildə norveçli mütəxəssislər Aralıq dənizinin şərq sahillərində böyük karbohidrogen ehtiyatlar aşkarladı. İndi hər kəs bu ehtiyatlardan pay almaq arzusunu önə sürür.
Amerika Suriyada istədiyinə nail olmaqla həm enerji, həm də strateji maraqlarını həyata keçirmək, Rusiyanı post-sovet məkanına qovmaq, onunla orada mübarizəni davam etdirmək və İranın Obama dövründə təxirə salınmış “məhvi”ni yenidən sürətləndirmək niyyətindədir. Vaşinqton yaxşı anlayır ki, Əsəd rejiminin ən böyük dəstəkçisi İrandır. Ruslar ən çətin məqamda geri çəkilə bilərlər, lakin İran “son mərmisinə” qədər döyüşəcək. Onun “sonuncu gülləni öz başına sıxması” üçün təklənməsi, yəni Rusiyanın oyundan çıxması, yaxud ən azından neytral qalması lazımdır. Baş verənlər oyunun gedişatının belə olduğunu göstərir.
Və Suriyaya atılan bombaların tüstüsü çəkilməmiş Koreya yardımadasında yaşanan hərbi gərginlik də əslində bütöv pazlın bir hissəsidir.
Trampın manevri: Amerika prezidenti Çin lideri Si Szinpinlə nahar edəndə Suriyanı bombaladı. Siyasi ekspertlər bunun Şimali Koreyaya mesaj olduğu fikrini önə sürürlər. Lakin proseslərin analizi əslində naharın bombalanma vaxtına salınması, yaxud nahar vaxtı bombaların atılması məhz Çin lideri ilə danışıqlara təsir etmək gedişi idi. Güman ki, Tramp Si Szinpindən Suriya məsələsində Rusiyaya dəstəyi kəsməyi, neytral mövqedən çıxış etməyi təklif edib. Burada yenidən G7 sammiti yada düşür.
İdlibdə faciənin yaşanmasından sonra Boris Conson G-7 sammitində Rusiyaya qarşı sanksiya təklif ilə çıxış edəcəyini bildirdi. Lakin sammitdə sanksiyalar haqda ümumiyyətlə danışılmadı, əvəzində Rusiyaya əməkdaşlıq təklif edildi.
Çünki hər şey Trampın Çin lideri ilə görüşünün nəticələrindən asılı idi.
- Görüşdən öncə Rusiyaya sanksiyalar məsələsi gündəmə gəlir; Tramp Si Szinpindən dəstək, yaxud ən azından neytrallıq istəyir, bu, Rusiyaya qarşı hücumda Çinin seyirçi mövqeyini təmin etmək gedişi idi, Amerika iki gücə qarşı eyni vaxtda çıxmaq istəmir; Si Szinpin müsbət cavab versəydi, Rusiyaya qarşı sanksiyalar işə düşəcək, rusların Suriyadan çəkilməsi üçün hücumlar sürətlətlənəcəkdi; Lakin Si Szinpin müsbət cavab vermir və dərhal Rusiyaya qarşı sanksiyalar təxirə düşür; Amerika sanksiyaları tətbiq etsəydi, bu, ruslarla danışıqlar yolunu tamamilə bağlamaq və Pekinlə Moskvanın bir-birindən daha sıx yapışmasına səbəb olmaq demək idi.
Çin lideri Si Szinpin Trampla görüşdən sonra “Suriya böhranı siyasi yolla həl olunmalıdır” açıqlamasını verdi. Bu, əslində birbaşa Amerikaya qarşı səslənmiş bəyanat idi. Həm də o demək idi ki, Tramp Moskva-Pekin xəttində istəyinə nail olmadı və dərhal “B” planı işə düşdü.
“B planı”: Amerika Suriyanı bombalayandan sonra dərhal Şimali Koreyanın nüvə təhlükəsini əsas gətirərək, Koreya yarımadasına ordu yeritdi. Ümumi mənzərədə görünən budur ki, ABŞ yeni dünya müharibəsinin fitilini yandırmaq niyyətindədir və bunun fonunda hər kəs Trampa “dəlisov amerikalı ağlını itirib” düşüncəsi ilə yanaşır. Lakin Koreya yarımadasına göndərilən ordunun missiyası fərqlidir:
1. Vaşinqton Koreya yardımadasına “desant” çıxarmaqla Çinin diqqətini öz sərhədlərinə yönəldir. Pekin Suriyada baş verənlərdən yayınaraq, sərhədlərində baş verə biləcək təhlükələrin məngənəsinə düşür.
2. Çin bu məngənəyə salınarkən, Rusiya da Suriyada sıxışdırılır.
Bu proseslər fonunda ötən həftənin şənbə günü Pentaqonun qəbul etdiyi qərar ön plana çıxır: ABŞ Avropa Təhlükəsizlik Təşəbbüsü (ERİ) proqramı çərçivəsində beşinci nəsil “F-35A Lightning II” müasir döyüş təyyarələrini NATO-nun Şərqi Avropada, yəni Rusiya ilə sərhədlərdə yerləşən aviabazalarına göndərir. Nə baş verir, daha doğrusu baş verəcək?!
Proseslərin mümkün inkişafı:
a) Koreya yardımadasına hərbi gərginlik davam edəcək, lakin ABŞ-ın Şimali Koreyaya hər-hansı hücum ehtimalı az görünür, bu, birbaşa Cənubi Koreyanı hədəf altına qoymaq demək olardı. Yarımadada gərginlik Çinin diqqətini bu bölgəyə yönəldəcək. Yəni, neytral mövqedən çıxış etməkdən imtina edən Pekin buna məcbur edilir.
b) Rusiyanın Suriyadan çıxması üçün ona qarşı informasiya hücumu davam edəcək və “Pis” elan olunacaq. Lakin istisna deyil ki, Şərqi Avropaya döyüş təyyarələri göndərən Amerika Rusiya sərhədlərində yeni cəbhə aça bilər. Bu, real müharibə cəbhəsi olmasa da, Koreya yardımadasına yaradılan analoji vəziyyət ola bilər. Beləliklə, rusların diqqəti öz sərhədlərinə cəlb edilə və onların Suriyadan çıxarılması asanlaşa bilər.
c) Çini və Rusiyanı öz sərhədlərində məngənəyə sala bilərsə, Amerika bununla Suriyada İranın tək qalmasını təmin edəcək və onu asanlıqla boğacaq.
Trampın Koreya yardımadasına “desant” çıxarmaqla işə saldığı “ehtiyat planı” budur. Və ümumi mənzərədə o da nəzərdən qaçmır ki, ABŞ bütün bu gedişlərlə yenidən böyük güc olduğunu dünyaya təsdiq etmək niyyətindədir.
Asif Nərimanlı