19 İyul 2014 20:33
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir jurnalistin ölüm xəbəri... Daha bir aktrisanın xərçəng əzabları... Daha bir... Xoşlamadığımız xəbərlər icazəsiz-filansız yenə gələcək. İnformasiya əcəl kimi qaçılmaz olub. Dünyada nəyisə gizlətmək çətinləşdiyi kimi, dünyadan gizlənmək də qeyri-mümkünə çevrilib. İnformasiya atəşi altında Ramazanın sonuncu on gününə girmişik. Müsəlmanlar hicri-qəməri təqviminin bu çərəyini həyəcan və bayram əhvalıyla qarşılayırlar.

Ona görə yox ki, orucluq sona yaxınlaşır. Ona görə ki, müsəlman inancında son on gün Ramazanın ən fəzilətli dövrü sayılır. Bu ayın əvvəli bağışlanma, ortası rəhmət, sonu cəhənnəm əzabında qurtuluşdu. Qədir gecələri də sonuncu on gündədi.

Oruclunun kənara çəkilmək, toplumdan uzaqlaşmaq, təcrid olunmaq fürsətini tanıyan “itikaf” anlayışlı ibadət forması da axır on günün sınırlarına aiddi. Zatən əksər dinlərdə, inanclarda, mistik axımlarda, psixologiyaya ilgili bəzi müalicə metodlarında düşüncənin, fikrin informasiya yükünü boşaltmağa xidmət edən prosedura rast gəlinir. Buna ruhun tənəffüsü də deyilə bilər.

Bəzi mistiklərə görə, insanın taleyi, həyatı onun düşüncəsi dəyişəndə, beyində ağ sahə yarananda baş verir.

İtikaf oruclunun bir müddət - ən azı 1 sutka - özünü məscidə qapaması, təbii ehtiyaclardan dolayı eşiyə çıxması istisna, yalnız ibadətlə məşğul olmasını ehtiva edən bir prosedurdu. Belə bir təcrid ayininə sufilərdə də rast gəlinir. İnzivaya çəkilmə, xəlvətə sığınma, özünlə və Allahınla təkbaşına qalma, dəyişib başqa adam olma - bütün bunların konkret texniki rejimi, qaydası var.

Bu günlərdə Orxan Pamukun “Qara kitabı”nın içərisinə düşdüyümdən (bu, bir quyu misalıymış...) “dəyişib başqa adam olma” anlayışını həmin müdhiş romandan əxz elədim... Bəli, insanların böyük canatımlarından biri də özündən ayrılıb başqa adama çevrilmək arzusudu! Özünü yaşamaq deyil, özgəsi kimi olmaqdı. Məşhur ifadəylə desək, fikrini dəyməsən, özünü dəyişə bilməzsən, özünü dəyişməsən taleyini...

“İnsanlara qarışıb onlardan gələn sıxıntıya tablaşan müsəlmanın insanlardan uzaqlaşıb oxşar sıxıntıdan imtina eləyən müsəlmandan daha xeyirli və üstün” sayılması, ümumiyyətlə, islamda zahidliyin inkarı inanclının daim cəmiyyətlə ünsiyyətdə, münasibətdə olmasını şərtləndirir. Amma bir başqa aləmə çəkilməyin cazibəsindən kim tamam-kamal qurtula bilib ki?..

Bütün bu “teoloji əhval”dan çıxıb - istəməsək belə - yenə cəmiyyətin gündəminə dönməliyik. Fikrimcə, təkcə KİV-lər, ictimai institutlar, təsisatlar yox, həm də tanınmış şəxslər, fiqurlar, hadisə yaratmaq qabiliyyətində olan insanlar, diqqət çəkən peşə sahibləri informasiya mühitini zibilləməkdən çəkinməlidilər. Axı, bu “karbon”a da dözmək getdikcə çətinləşir! Allah xatirinə, diqqət edin görün sizdən, sizin ətrafınızdan nə çıxır. Adamları qulaqlarını tıxamağa məcbur eləmək olmaz.

İnformasiya gigiyenasına hamımız riayət eləmək zorundayıq. Elliklə inzivaya çəkiləsi deyilik.


Müəllif: Qurban Yaquboğlu