20 Noyabr 2018 20:30
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhv xatırlamıramsa, dostum Səbuhi Rəhimli danışmışdı:

“Sovet dönəmində sinif otaqlarında bəzi azərbaycanlı şairlərin bir-birinə yaxın tarixdə, yəni 1937-1941-ci illər arasında ölməsinə məna verə bilmirdik” deyirdi.

“Niyə bunların hamısı yaxın zamanda ölmüşdü? Həmin vaxt nə baş vermişdi ki, bir-birindən dəyərli insanlar yox olmuşdu”.

Bu sualın cavabını müstəqillik illərində tapmışdı: Repressiya.

Məlum oldu ki, bolşevik rejimi 1937-1938-ci illərdə təkcə yazıçıları, şairləri deyil, siyasətçiləri, zəngin insanları, din xadimlərini, bir sözlə millətin önündə ola biləcək hər şəxsi “vətən xaini” adı ilə güllələyiblər.

Bu repressiya sonrakı illərdə səngisə də, ara-sıra qoyulan qırmızı xətti keçənlər yenə də həbs edilir, sürgünə göndərilir, Şıxəli Qurbanovun timsalında yox edilirdilər.

Biz eyni gündə öldürülən insanları SSRİ-nin son illərində də gördük. 20 yanvar qətliamı yüzlərlə vətəndaşımızı şəhid etdi, minlərlə insanın iştirakı ilə eyni yerdə dəfn olundular.

Amma faciəmiz bununla bitmədi. Bir il sonra başqa bir faciəni də yaşadıq.

***
Sentyabr ayında Fəxri Xiyabanı növbəti dəfə ziyarət edəndə bir məzar sırasını ilk dəfə gördüm. 11 şəxs eyni gündə həlak olmuşdu. Eyni məqsəd uğrunda mübarizə aparan bu şəxslər müstəqil Azərbaycanın ilk qurbanları idilər.

Rəsmi versiyaya görə, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulur.
Yenə rəsmi bilgilərə görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan bu helikopter noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Şübhəsiz ki, bu hadisə bizə hələ tam bəlli deyil. Hadisədə başqa kimlərin, hansı dövlətlərin əlinin olması ilə bağlı çox məsələlər hələ də qaranlıqdır.

Aydın olan odur ki, müstəqil Azərbaycanın dövlət xadimləri bir gündə öldürüldülər.

Əslində, Azərbaycan torpaqlarının işğalı da faktiki bu hadisədən sonra başladı.

Ümid edirik ki, Fəxri Xiyabandakı sirli adamlar nə zamansa əsl həqiqətləri bizə söyləyə biləcəklər.
Təbii ki, arxivlərin dili ilə...


Müəllif: Dilqəm Əhməd